Orucluq ayı paytaxt sakinləri üçün nə ifadə edir? - SORĞU

İlin ayları içərisində Ramazan ayı ən mübarək aydır, çünki Allah bu ayda bəşəriyyətə ən böyük töhfəsini, yəni Qurani-Kərimi vermişdir.‌ Digər tərəfdən Qədr gecəsi bu aydadır, yəni insanların qarşıda gələn il ərzindəki taleləri onların ləyaqətlərinə görə həmin gecədə təyin olunur. Bu gecədə edilən ibadət min ayın ibadətindən üstündür. Başqa bir tərəfdən isə bu ay ibadət, təqva, özünü tərbiyə və islah, paklanma ayıdır. Orucun mənəvi faydalarından söz açarkən bunu qeyd etməliyik ki, o, insanın bədənini dünya nemətlərindən, ruhunu isə dünya qayğılarından azad edir. Əlbəttə, bu halda insan irfan yolunu daha sürətlə keçər. Çünki onun diqqəti mənəvi mövzulara, Allaha yönələr. Oruc tutan şəxs Allah barədə daha çox düşünər və Yaradanı daha yaxından tanıyar. SİA olaraq insanlara "Orucluq ayı paytaxt sakinləri üçün nə ifadə edir?" sualı ilə müraciət etdik.

Şəhər sakini Hüseyn Qurbanov: "İlboyu gözlədiyimiz ən gözəl ay gəlib çıxıb. Mən də oruc tuturam. Altı nəvəm var. Onların da dördü oruc tutub imkanları çatdığı qədər. İkisi də kiçikdir. İnşallah onlar da böyüyəndə oruc tutarlar. Orucluq insanın özünü toparlaması, dünyanı başqa səmtdə fikirləşməsi, sakitləşməsi, Allaha qovuşmaq istəməsinin təzahürüdür. Allah hamının orucunu qəbul etsin, qarşıdan gələn bayramınız da mübarək olsun".

Şəhər sakini Aysel Əlimuradova: "Ramazan ayı, Orucluq mənim üçün Allaha olan inamımızı ifadə edir. Öləndən sonra cənnətə, yoxsa cəhənnəmə düşməyimizi oruc tutmaqla düzəldə bilərik. Həyatda hər insan səhv edir. Səhv ediriksə, oruc tutaraq bu səhvimizi silə bilərik. Özüm oruc tuturam. Orucluğun fəziləti ilə səhvlərimi düzəltmək, hətta onları silmək istəyirəm. Mütləq hər insanda səhv olur. Ona görə də Orucluq bu səhvləri silmək üçün Allahın bizə göndərdiyi fürsətdir".

Şəhər sakini Kənan İsmayılov: "Orucluq ayı müqəddəs aydır. İnsanın günahları yuyulur, özünü gümrah hiss edir. Həm mənəvi, həm də fiziki cəhətdən təmizlənir. Sağlamlığa da böyük faydası var, insanın ruhu da təzələnir. Bu ayın fəziləti cox böyükdür. Hələki oruc tutmuram, qismət olarsa, tutaram".

Şəhər sakini Aybəniz Quliyeva: "Oruc tuturam. Ramazan ayı ən gözəl aydır. Televizorda baxıram, ac-susuz insanları görürəm. Orucluğun mahiyyətini daha çox dərk edirəm. Birinci növbədə insanda cürət olmalıdır ki, aclığa, susuzluğa dözəsən. İnsan hərdən öz bədənini də sərbəst buraxmalıdır. Səbr də lazımdır. İndi havalar sərin keçir deyə rahat tutmaq olur. Fikirləşirəm ki, yayda necə tuturdum? Ona da güc lazımdır. Özümü hərtərəfli rahat hiss edirəm. Kaş hamı tuta biləydi, hamıya qismət olardı".

Şəhər sakini Zeynəb Mahmudova: "Mən həmişə oruc tuturam. Bu il səhhətimlə bağlı tuta bilmədim. Məncə, hər bir müsəlman oruc tutmalıdır. Düzdür, seçim sərbəstdir. Tutmayanlara da pis baxmıram. Amma oruc tutmaq hər insanın sağlamlığına görə də deyil. Elə insan var ki, sağlamlığına uyğundur. Müqəddəs aydır. Mənim üçün bu ay bütün yaxşılıqların olduğu, duaların qəbul olunduğu aydır".

Şəhər sakini Əfsəddin Nəbiyev: "Ramazan ayının fəziləti çox böyükdür. Orucluq müsəlman dünyasında insanlığa, mərhəmətə səsləyən müqəddəs aydır. Mən də həmişə oruc tuturam. Orucluq insanları sülhə, mehribanlığa səsləyən aydır. Ramazanı ona görə çox yüksək qiymətləndirirəm".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə