“Depressiyaya düşmək zəif iradənin nəticəsidir” - PSİXOLOQ FİKRİ

“Depressiyanın bir neçə növü olur. Fəsil depressiyası, yəni yaz və payız aylarında olan depressiyaları da onun növlərindəndir. Hətta son dönəmlərdə yay depressiyası da olur. Bu yayın sonlarında baş verən insanların istirahət edə bilməməsi ilə bağlı olan depressiya növüdür”. Bu sözləri SİA-ya danışan psixoloq Gülnar Orucova deyib.

Onun sözlərinə görə, depressiv insanlar həyatı daha çox sevən, eyni zamanda həyatdan daha çox istək və arzularının reallaşmasını gözləyən insanlardır: “Bəzi insanlar düşünürlər ki, arzuları mütləq bu zamanda reallaşmalıdır və yaxud da nəyisə arzulayırlar və olmadığı zamanda depressiyaya düşürlər. Depressiyaya düşmək zəif iradənin nəticəsidir. Zəif iradəli insanlar depressiyaya daha çox meyillidirlər. İradənin zəifliyi, həyat eşqinin, həyat gücünün zəifliyinə də gətirib çıxarır. İradəsi zəif olan biri tez ruhdan düşür, mübarizə aparmaq qabiliyyətinə malik olmur, insanlara güvənmir, həyat eşqi azalır".

Psixoloq qeyd edib ki, depressiyada olmaq üçün müəyyən punktlar var və bu punktların aşkarlandığı insanlar depressiyada ola bilər: “Həyat eşqinin azalması, həddən artıq yatmaq, günlük rejimin pozulması, gələcəklə bağlı heç bir fikrin olmaması, negativlik və pessimizm olması, normal kilonun 5,10% itirilməsi, davamlı yuxu istəyi, sosiallığın aşağı səviyyədə olması depressiya əlamətidir. Bu punktlardan ən az bir neçəsinin bir insanda olması əsas verir ki, insan depressiyada olsun və depressiyada olan insanlarda serotenin - xoşbəxtlik hormonu aşağı düşür.

İnsanın bədənində vitamin və mineralların az olduğu dönəmlər olur və bu dönəmlərdə də insanlar depressiyaya düşə bilir. İnsanlar soyuq aylar başlarkən və qışdan sonrakı aylarda bədənlərində vitamin və mineralların azlığından, düzgün qidalanmamaqdan fəsil depressiyalarına tutula bilirlər. Payız və qış aylarında günəş şüaları az olur. Günəş şüaları da insanlara xoşbəxtlik hissi verir . Serotenin günəş şüalarında, qırmızı meyvələrdə, xüsusən də kividə, şokoladda çox olur".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə