Qədr gecəsində hansı əməllər yerinə yetirilməlidir? - AYDINLIQ GƏTİRİLDİ

"Rəsədxananın paylaşdığı təqvimə əsasən, bu gün ilk Qədr gecəsidir. Ayın 30-u ikinci, aprelin 1-i isə üçüncü Qədr gecəsidir. Vəhdət olaraq keçirdiyimiz dördüncü qədr gecəsi isə aprelin 5-nə təsadüf edir. Bu müqəddəs gecənin özünəməxsus əməlləri, zikrləri var. İnsan Qədr gecəsinə çatırsa, səhərə qədər yatmamağı, ibadət etməyi gözəldir. Birinci Qədr gecəsi üçün qüsl etməyi məsləhətlidir. Əgər qüsl edə bilmirsə, dəstəmaz alar, qədr gecəsinin iki rükətlik namazını qılar, məxsusi zikrləri oxuyar. Qədr gecəsində insanlar öz xətalı səhvlərini nəzərinə gətirib, Allahdan bağışlanmağını istəməlidirlər". Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.

Onun sözlərinə görə, əgər imkan varsa, bu gecədə süfrə açılmalı, ehsanat paylanmalı, maddi imkanından yoxsullara dəstək olunmalıdır: "Bu gecədə nə qədər savab iş görülsə, bir o qədər gözəldir. Çünki Qədr gecəsində səhərə kimi oyaq qalmağın böyük savabı var. Allah onda mələklərə əmr edər, hər bir insanın ömür, ruzi qədərini yazarlar. Allah-təala bu gecəni hətta Peyğəmbərindən belə gizli saxlayıb ki, insanlar əksər gecəni qədr gecəsi bilsin və ibadətlə məşğul olsun".

"Peyğəmbər öz hədisində buyurur ki, qədr gecəsi sonuncu 10 günlüyə təsadüf edər. Ona görə Ramazanın son on gününü xüsusi şəkildə keçirirlər ki, qədr gecəsini yaşaya bilsinlər. Qədr gecəsinin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, Allah-təala bu gecədə Peyğəmbərinə Quranı nazil edib. Biz də oyaq qalıb dualar etdikdə Quranın nazil olma zamanını yaşamış oluruq. Allah-təala Qədr surəsində də bu gecənin savab və fəzilətini geniş açıqlaması ilə bizlərə çatdırır. O gecə min aydan qiymətli bir gecədir. Allah dualarımızı qəbul etsin, bizi qarşıdan gələn Ramazan bayramına qovuşdursun. Amin",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə