Metro qatarları hansı sistemlə idarə olunur ? - QURUM RƏSMİSİ DANIŞDI

“Metro qatarları bir mənbədən, Rusiyanın müvafiq şirkətindən alınır. Bununla belə metro qatarlarının özünəməxsus xüsusiyyətləri olur və hər bir metropolitenin qatarların idarə olunmasında bu və ya digər xüsusiyyətlər daha çox üstünlük təşkil edir. Məsələn, Bakı Metropoliteni mürəkkəb bir infrastruktura malik olmaqla yanaşı, həm də onun relyefi və yolun parametrləri, geologiyası ilə bağlı məsələlər də xüsusi qabarıqdır. Bakının iqlim şəraiti də mütləq şəkildə nəzərə alınır. Bu aspektdən yanaşsaq Bakı Metropoliteninə gətirilən qatarların hər biri məhz Bakı Metropolitenin spesifik xüsusiyyətlərinə uyğundur”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, metro qatarları alınarkən müasir dövrün texnologiyaları və onların Bakı metrosu üçün uyğunluğuna da xüsusi diqqət yetirilir: “Metro qatarları xəttə hərəkət etdikdə yol boyu olan müxtəlif infrastruktur da nəzərə alınır. Burada təkcə reyslərdən söhbət getmir. Həmçinin elektrik enerjisi, işıqvermə sistemi, qatarın sürəti və təhlükəsizliyi kimi məsələlər də tək qatar deyil, onun getdiyi yoldan da asılıdır. Bu istiqamətdə son illərdə Bakı Metropolitenində kifayət qədər böyük işlər görülüb.
İlk növbədə onu qeyd edim ki, Bakı Metropolitenində qatarların idarə edilməsi “sürətin avtomatik tənzimlənməsi” sistemi ilə həyata keçirilir. Bu, Bakı Metropolitenində ən optimal intervalların tətbiq edilməsinə şərait yaradır.

Bundan əlavə sürətin avtomatik tənzimlənməsi sistemləri bütün qatarlarda var və zamanla bu sistemlərin özləri də daha da təkmilləşdirilir. Xüsusi olaraq Bakı Metropolitenində vaqonların orta və əsaslı təmiri müddətində yeni texnoloji imkanlardan geniş istifadə olunur. Bütün bunlar olmasa, bu gün Bakı Metropolitenində qatarların hərəkəti mümkün ola bilməz.

Yeni nəsil vaqonlar istifadə olunduqca onların yeni nəsildən fərqi olmur və ilk növbədə vaqonlarda onların ehtiyyat hissələri məsələsi həll edilir. Bakı Metropoliteninin elektrik deposunda həmin qatarların təmir, baxış, qulluq məsələləri həllini tapır.

Təhlükəsizlik məsələsi isə ən ümdə məsələdir. Burada qatarların təhlükəsizliyi xüsusi rol oynayır. Yeni qatarlar alındıqda onların təhlükəsizliyi ilə bağlı məsələlər həll olunarkən, texniki baxışlarda da bu məqamlara xüsusi diqqət yetirilir.
İdarəetmə sistemi ilə yanaşı yanaşı yanğın təhlükəsizliyi məsələsi də xüsusi rol oynayır.
Hazırda vaqonlarda ən müasir yanğın təhlükəsizliyi sistemləri quraşdırılır. Bu sistemlər yanğın baş verməzdən öncə belə onun qarşısının alınmasına kömək edən sistemlərdir.

Vaqonların təhlükəsizliyi həm də maşinistlərdən də asılıdır. Bu baxımdan maşinistlərin də ən son sistemlərin tətbiqini öyrənməsi, normativlərə əməl etməsi üçün kifayət qədər mühüm işlər görülür. Bu ardıcıl davam edən, dayanmayan işlərdir.

Bakı Metropoliteni bu gün üçün ən optimal tətbiqləri həyata keçirir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə