“Mən demədən o başa düşsün” gözləntisi reallığa uyğun deyil" - PSİXOLOQ ŞƏRH ETDİ
"Sağlam şəkildə qurulan ünsiyyət, şəxslər arasında güvən, hörmət və anlayış yaratmaqla yanaşı, münaqişələrin həll edilməsi və eyni zamanda münasibətlərin güclənməsinə şərait yaradır". Bu sözləri SİA-ya açıqlamasında EDA Terapiya Psixologiya Mərkəzinin psixoloqu Ayşən Bayramova deyib.

O bildirib ki, ünsiyyət, insanların emosional və koqnitiv ehtiyaclarını başa düşməklərinə, ifadə etməklərinə və eyni zamanda başqalarının da hiss etdiklərini anlamağa yardım göstərən bir prosesdir: "Ünsiyyət prosesi, sözlərlə məhdudlaşmır, səs tonu, mimika və jestlər ünsiyyətin ayrılmaz parçalarıdır. Eyni zamanda bu prosesdə danışmaq qədər, dinləmək də vacibdir. Aktiv dinləmək bacarığı, qarşıdakı şəxsin dediklərini başa düşmək üçün çaba göstərməkdir ki, bu da empatiya qura bilməyə yardım göstərəcəkdir. Empatiya, başqalarının duyğularını anlamaq və hörmət etmək bacarığıdır. Bu isə güclü və sağlam münasibətlərin təməlini təşkil edir.
Ünsiyyət zamanı digər önəmli məqamlardan biri isə, açıq və dəqiq danışaraq, düşüncələri doğru şəkildə ifadə etməkdir. Çünki “mən demədən o başa düşsün” gözləntisi reallığa uyğun olmayan bir gözləntidir".
Onun sözlərinə görə, hələ ana bətnindən başlayan ünsiyyət, doğumdan sonra daha aktiv hal almalıdır: "Valideynlər uşaqla həm sözlü, həm də sözsüz ünsiyyət quraraq, uşağın emosional inkişafına dəstək verirlər. Eyni zamanda uşağın nitq inkişafını da dəstəkləmiş olurlar. Uşaqlar danışmağa başladıqdan sonra isə əsas olan faktorlardan biri, uşaqları aktiv şəkildə dinləməkdir. Eşidildiyini hiss edən və fərqinə varan uşaq, daha rahat ünsiyyət qurar və düşüncələrini daha rahat şəkildə çatdırar. Bundan başqa valideynlərinin diqqətli şəkildə qulaq asdığı uşaqlar, başqa şəxsləri də, diqqətli şəkildə dinləyəcəklər ki, bu da, onlarda sağlan ünsiyyət qurma vərdişini formalaşdıracaqdır.
Nəticə olaraq, ünsiyyət zamanı aktiv dinləmə, qarşımızdakı insanda müsbət duyğuları oyandırır və neqativ duyğuları azalda bilir. Gözardı edilməməsi gərəkən digər faktor isə “sən dili” əvəzinə “mən dili”nin istifadə edilməsidir. Ünsiyyət zamanı günahlandırmadan, duyğu və düşüncələrimizi ifadə etmək, daha sağlam münasibətlərə zəmin yaradacaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB