Yaşasaydı 32 yaşı tamam olacaqdı - FOTO/VİDEO

Şəhid Sahil Babayevin doğum günü qeyd edilib. SİA xəbər verir ki, Qarabağ bölgəsində həyata keçirilən lokal xarakterli antiterror əməliyyatları (19-20 sentyabr 2023-cü il) zamanı şəhidlik zirvəsinə ucalmış Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Babayev Sahil Sarıbala oğlunun doğum günü ilə əlaqədar Masallıda anım tədbiri keçirilib.

Martın 21-də, şəhid Müqəddəs Hacıyev adına Ərəb kənd ümumi orta məktəbində təşkil olunan tədbirdə şəhidin doğmaları və digər şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları, Masallı Rayon İcra Hakimiyyətinin, rayon üzrə təhsil sektorunun, Xırmadalı kənd ərazi nümayəndəliyinin işçiləri, məktəbin müəllim və şagirdləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Dövlət Himnimiz səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Lənkəran-Astara Regional Təhsil İdarəsi Masallı rayonu üzrə təhsil sektorunun müdiri Qoşqar Hətəmov, şəhid valideynləri Hafiz Qurbanov, Baloğlan Qasımov, Masallı RİHB-nın Xırmadalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məhəmməd Yusifov, şəhidin dostu, Vətən müharibəsi iştirakçısı Sabir İmanov, Sığıncaq kənd tam orta məktəbinin direktoru Əhliman Əliyev, Xırmandalı kənd tam orta məktəbinin müəllimi Qulu Gözəlov və başqaları çıxışlarında Vətən müharibəsində, eləcə də antiterror tədbirləri zamanı qazanılan Zəfərdən və şəhid Sahil Babayevin keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs ediblər.

Şəhidin övladları – 8 yaşlı Samir, 6 yaşlı Elçin, 4 yaşlı Milayın ataları üçün söylədikləri şeir parçaları tədbir iştirakçılarına kövrək anlar yaşadıb.
Sonra məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub, vətənpərvərlik mövzusunda şeirlər səslənib.

Oğlu Sahil və onun timsalında vətən yolunda canından keçən bütün Azərbaycan övladları ilə qürur duyduğunu deyən şəhidin atası Sarıbala Babayev tədbirin təşkilatçılarına və iştirakçılara, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlığını bildirib.

Sonda şəhidin məzarı ziyarət olunub, xatirəsi ehtiramla yad edilərək məzarı üzərinə gül dəstələri düzülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə