"Qəbul olunmayan dua yoxdur" - MÜNASİBƏT BİLDİRİLDİ

"Qəbul olunmayan dua yoxdur" - MÜNASİBƏT BİLDİRİLDİ

Dua bəndənin Allahdan kömək istəməsidir. Üz tutulan yer həmişə üz tutandan, istəyəndən üstün olur. Qul istəyən olduğu üçün acizliyini, yoxsulluğunu və pərişanlığını Allaha ərz etməli və dua edərkən məqamını unutmamalıdır. Möhtac olduğunu sevgi və sayğı ilə Allaha bildirməlidir.

Dua imandır, dua fəaliyyətdir, dua cəhd və səydir, dua oyanış və dirçəlişdir. Allahı və Onun hakimiyyətini tanımaq və etiraf etməkdir. Həyatın məqsədini dərk etmək, onu nizama salmaq, gələcəyə hazırlanmaq, din yolunda əzmli olmaq, özünü toplamaq və nöqsanları aradan qaldırmaqdır.

Duanın dindəki yeri necədir? Görəsən günahkarın duası qəbul olar? Duanın edilməsi üçün xüsusi günlər - Orucluq ayı var. Niyə bu günlərdə dualar daha tez qəbul olur? SİA bu mövzu ilə bağlı Təzə Pir məscidinin axundu Mircəfər Əyyubovun fikirlərini öyrənib.

Allah-Təala müqəddəs Quranda bir neçə ayədə dua haqqında Öz fikrini bildirir. Bir ayədə buyurur ki, bəndələrim Məni soruşsalar, Mən yaxınam, dua edənin duasını qəbul edərəm. Digər ayədə buyurur ki, de ki, əgər dualarınız olmasaydı, rəbbiniz sizə etina etməzdi. Başqa bir ayədə isə dua etmək əmrini verir və boyun qaçıranları cəhənnəm ilə hədələyir.

Ümumiyyətlə hədislərdə deyilir ki, dua bütün ibadətlərin məğzidir. Allah-Təala şəxsən bizə dua etməyin qaydalarını öyrədir. Məsələn, namazda oxuduğumuz Həmd surəsində bizə buyurur ki, belə dua edin: "Yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək istəyirik". Hədislərdə dua möminin silahı hesab olunmuşdur, yəni mömin bir şəxs dua ilə həm bəlaları həm də şeytani qüvvələri dəf edə bilər.

Ümumiyyətlə, qəbul olunmayan dua yoxdur, sadəcə bəzən bizim istəklərimiz kamilləşməyimizə xidmət etmədiyi üçün Allah-Təala onların əvəzinə ya bir günahımızı bağışlayır, ya bir bəlanı uzaqlaşdırır ya da məsləhət bildiyi vaxta saxlayır. Valideynin övladına duası daha tez qəbul olur, on cəbhədə döyüşən şəxsin duası tez yerinə çatır və sair. Dua etmək üçün ən gözəl ay Ramazan ayı və ən gözəl gecə Qədr gecələridir. Əlbəttə bunlarla məhdudlaşmır, lakin ən gözəl vaxt bu mübarək ay və deyilən gecələrdir.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə