Novruz bayramında təhlükəsizlik necə təmin olunacaq? - SORĞU

Novruz bayramı ərəfəsində və bayram günlərində insanların təhlükəsizliyi necə təmin olunacaq? SİA sizin üçün qurumlardan bu barədə məlumat alıb.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib ki, hər il olduğu kimi bu il də Novruz bayramı və tətil günləri ilə əlaqədar bölgələrə səfər edənlərin sayının çox olacağı gözlənilir. Həm paytaxtın mərkəzi küçə və prospektlərində, həm də Bakı-Sumqayıt şosesi və şəhərə cənub istiqamətdən giriş-çıxışda rayonlara səfər edənlərin çox olması səbəbindən, xüsusilə də axşam saatlarında yollarda avtomobil sıxlığının yaranacağı ehtimal olunur. Bunu nəzərə alaraq vətəndaşlara tövsiyə edirik ki, səfərlərini erkən saatlarda planlaşdırsınlar. Gücləndirilmiş iş rejimində çalışacaq Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən sürücülərə yollardakı vəziyyətlə bağlı mütəmadi olaraq məlumat veriləcək.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, Novruz bayramı günlərində də daxili işlər orqanlarının əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirəcəklər. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Novruz bayramı şənlikləri və digər kütləvi tədbirlər zamanı ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunmasının, xidməti vəzifələrin icrasının yüksək səviyyədə və daha mütəşəkkil təmin edilməsi məqsədilə DİN-in bütün orqan və hissələrinin şəxsi heyəti gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirəcəklər: “Kütləvi tədbirlərin, o cümlədən bayram şənliklərinin təşkil olunduğu, insanların sıx toplaşdığı yerlərdə polis naryadlarının sayı artırılacaq, mühüm əhəmiyyətli obyektlərin mühafizəsi ciddi nəzarətdə saxlanılacaq.

Respublika ərazisində avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Dövlət Yol Polisi əməkdaşları tərəfindən profilaktik-maarifləndirmə tədbirləri genişləndiriləcək. Hərəkət iştirakçılarını qaydalara əməl etməyə çağırırıq”.

Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun bununla bağlı imzaladığı əmrə əsasən, Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, bayram şənliklərinin təşkil olunduğu və insanların kütləvi toplaşdığı məkanlarda, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkil edilməsi məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə