Tarixçi terror hadisələri ilə bağlı faktları AÇIQLADI

“Ermənistan dövlətinin və erməni diasporasının maliyyə və təşkilatı yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatlarının Azərbaycana qarşı apardıqları terror müharibəsi 1980-ci illərdən başlayaraq ardıcıl xarakter almışdır. Azərbaycanın Qarabağ bölgəsinin işğalı zamanı kütləvi vahimə yaratmaq, çoxlu insan tələfatına nail olmaq məqsədi ilə Ermənistanın xüsusi xidmət orqanları hərbi əməliyyatların getdiyi ərazilərdən xeyli uzaqda, dinc azərbaycanlı əhalisinin yaşadığı məntəqələrdə terror aktları təşkil etmiş, nəticədə minlərlə günahsız insan həlak olmuşdur”. Bu barədə SİA-ya açıqlamasında AMEA-nın əməkdaşı, tarixçi dosent Zaur Əliyev deyib.

Onun sözlərinə göerə, onun sözlərinə görə, 19 mart 1994-cü il. Bakı metropolitenin "20 Yanvar" stansiyasında törədilmiş partlayış nəticəsində 14 nəfər həlak olmuş, 49 nəfər yaralanmışdır: “Məhkəmə sübut etmişdir ki, terror aksiyası Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanmış, separatçı "Sadval" ləzgi təşkilatının üzvləri tərəfindən həyata keçirilmişdir. Müəyyən olunmuşdur ki, "Sadval" separatçı təşkilatının həmin fəalları 1992-ci ildən etibarən dəfələrlə Ermənistanda olmuş, bu ölkənin Milli Təhlükəsizlik Baş İdarəsi təşkilatın formalaşmasında, maliyyələşməsində və silahlanmasında yaxından iştirak etmişdir. 1992-ci ilin aprel-may aylarında 30 nəfər Sadval üzvü Ermənistanın Nairi rayonunun Lusakert qəsəbəsində yerləşən təlim-məşq bazasında xüsusi terror-təxribat hazırlığı keçmişdir. İstintaq zamanı müəyyənləşdirilmişdir ki, təxribatçılar təlimata uyğun olaraq, "20 Yanvar" stansiyası ilə yanaşı, Bakının "Nizami" kinoteatrında, Respublika sarayında və Bakı lampa zavodunda da partlayışlar törətməyi planlaşdırmışlar”.

Z.Əliyev bildirib ki, "20 Yanvar" metro stansiyasında partlayışın törədilməsində ittiham olunan və Ermənistanda xüsusi terror-təxribat hazırlığı keçmiş 30 sadvalçı cinayət məsuliyyətinə cəlb edilmişdir: “Terror aksiyası Azərbaycan Respublikasının vətəndaşı, Dağlıq Qarabağ uğrunda gedən döyüşlər zamanı - 13 yanvar 1994-cü ildə əsir düşmüş və Ermənistan xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilmiş Aslanov Azər Salman oğlu tərəfindən törədilmişdir. O, 1997-ci ilin 29 noyabrında Azərbaycana ekstradisiya edilir. Həbs edilən Azər Aslanov terror aktı ilə bağlı etiraflar edir. O bildirir ki, Bakı metropolitenində terror aktı törətmək göstərişini erməni əsirliyində olarkən, erməni yazıçısı Zori Balayandan alıb. Azəri Samvel Babayanın otağında təlimatlandırdılar. Onu təlimatlandıranlardan biri də Mkrtıçyan idi. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, 14 yanvar 1994-cü ildə Zori Balayan hərbi əsir, Azər Aslanovla görüşmüş, azərbaycanlılara qarşı mübarizədə bütün azsaylı xalqların birgə fəaliyyət göstərmələrinin vacibliyini bildirmişdir. 9 iyun 1994-cü ildə Ermənistan xüsusi xidmət orqanlarının Artur adlı əməkdaşı A.Aslanovun Bakıdakı mənzilinə zəng vuraraq onun sağ olduğunu bildirmiş və azad olunması üçün yaxın qohumlarından birinin Yerevan şəhərinə gəlməsinin zəruriliyini qeyd etmişdir. 16 iyun 1994-cü il tarixində A.Aslanovun anası Tacibat Aslanova Yerevana gəlmişdir. Azər Aslanova anasının həyatının təhlükə altında olduğu bildirilmiş, bu təhdidlər altında o, Ermənistan xüsusi xidmət orqanları ilə “Ömər-75”" təxəllüsü ilə daimi əməkdaşlığa cəlb edilmişdir. Azərbaycana maneəsiz gəlməsi üçün Azər Aslanovun adına saxta sənədlər hazırlanmış, partlayıcı maddə isə müvafiq qaydada peçenye, şokolad və dezodarant qutularında gizlədilmişdir. A.Aslanov “Yerevan-Mineralnıye Vodı-Bakı”marşrutu ilə Azərbaycana gələrək, 3 iyul 1994-cü ildə Bakı metrosunun “28 May” və “Gənclik” stansiyası arasında qatarda terror aktını həyata keçirmiş və yenidən Ermənistana qayıtmışdır”.

Müsahibimiz qeyd edib ki, 1994-cü ildə Bakı metropolitenində baş vermiş terror aktlarının təlimatçıları – (martın 19-u "20 Yanvar" metro stansiyasında və ikincisi iyulun 3-ü "28 May" və "Gənclik" stansiyalarının arasında) Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları, polkovnik Karen Baqdasaryan və kapitan Seyran Sarkisyan olmuşlar: “Terror aktının planı isə Zori Balayana məxsus idi. Bu hadisədən sonra dostları ilə məclis keçirən Zori Balayan çaxır stəkanın qaldıraraq tost deyir: “Bakıda partlayış zamanı sanki, mən azərbaycanlı meyitlərinin üstüylə gəzirdim. Gün olsun bütün azərbaycanlıların meyidi üzərində gəzək”. Və bu gün Zori Balayan sağdır.

Azərbaycan Respublikasının Ali Məhkəmə instansiyaları tərəfindən aparılmış araşdırmalar prosesində göstərilən terror aktlarının həyata keçirilməsində Dağlıq Qarabağın qeyri-qanuni rejiminin funksionerləri və Ermənistan Respublikasının xüsusi xidmət və digər dövlət orqanlarının təşkilatçılığı, maliyyə və texniki dəstəyi, əksər hallarda isə bilavasitə iştirakı prosessual qaydada sübuta yetirilib”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə