Novruz bayramı ərəfəsində necə QİDALANMALI? - MÜNASİBƏT BİLDİRİLDİ

"Bayram süfrəsində Azərbaycanın milli mətbəxi başda olur". Bu sözləri SİA-ya açıqlamasında qida üzrə Baş mütəxəssis Ağa Salamov deyib.

O bildirib ki, buraya salatlar, plov, dolmalar, ləvəngi və sair daxildir: "Bunlarla yanaşı şəkərbura, paxlava, milli şirniyyatlarımız da var. Bu qidalardan çox az olmaqla istifadə etməliyik. Çox mayonezli qidalara üstünlük vermək düzgün deyil. Zeytun yağında hazırlanmış salatlara üstünlük verilməsi lazımdır. Kalori dəyəri yüksək olan qidalardan da az istifadə olunmalıdır. Mayonezli məhsulların yerinə zeytun yağında hazırlanmış mövsümü tərəvəzlərdən hazırlanmış salatlar hazırlayıb bunları süfrəyə təqdim etmək yaxşı olar. Mayonezli də ola bilər. Staliçni və memoza salatları bilirik ki, mayonezlidir.

Birinci olaraq salatdan başlayaraq 5-10 dəqiqə vaxt verməklə ikinci yeməyə başlaya bilərik. Yaxşı olar ki, süfrədə balıq olsun. Bakının südlü plovu var ki, üstündə şor balıqla təqdim olunur. Bu da yaxşı yeməkdir. Plovu 7-8 qaşıq yemək kifayət edər. Belə yemək lazımdır ki, mədəyə ağırlıq çökməsin.

Nəzərə alsaq ki, indi orucluq ayıdır, iftar süfrəsini bayram süfrəsinə qatırlar. Aqressiv qidalanmaqdan uzaq durmaq lazımdır. Bol süfrəni görüb hər şeyin dadına baxmaq da olmaz. Daha sonra ara verməklə ət, toyuq, balığın dadına baxmaq olar. Balıq yüngül zülaldır, tez həzm olunur. Süfrəyə rəngli, qazlı içkilərin əvəzinə mövsümü meyvələrdən hazırlanmış kompodlar qoyulmalıdır. Bu kompodlar mineral və vitaminlərlə zəngin olur ki, bu da immun sistemini gücləndirir".

Onun sözlərinə görə, bu yeməkləri süfrədə iki saatdan çox saxlayıb sonra yemək düzgün deyil: "Yemək süfrəyə isti-isti təqdim olunmalıdır. Salatlar isə soyuq təqdim olunmalıdır. Qidalar iki saat ərzində yeyilib bitməlidir. Əgər bitmirsə, tez "+4" soyuducusuna qoyulub 48 saat ərzində yeyilə bilər. Bu qidaları otaq temperaturunda çox saxlamaq olmaz.

Qonaqların gəlməsinə 2-3 saat qalmış süfrəyə isti qidaların düzülməsi düzgün deyil. Mayonezli və ət məhsullarından söhbət gedir. Bu məhsullar yaxşı olar ki, qonaqlar süfrəyə əyləşəndə düzülsün. Əvvəlcə soyuq zəncir qırılmamaq şərtilə soyuq qəlyanaltılar-salatlar, isti zəncir qırılmamaq şərtilə isti yeməklər qoyulsun. Bu adamlar yeməyi istehlak etdikləri zaman nə zəhərlənmə, nə də köpmə, şişmə, həzmsizlik baş verməsin".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə