"Fədakarlıq qadının istismarına gətirib çıxarmamalıdır" - EKSPERT DANIŞDI

“İndi yaşamaq üçün hamı fədakarlıq etməlidir. Kapitalizm iti dişlərini qıcayaraq üstümüzə şığayıb. İnsanın yaşaması, fiziki mövcudluğunu davam etdirməsi, ailəsini dolandırması üçün gərgin əməyə, sözün həqiqi mənasında fədakarlığa ehtiyac var”. Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib.

Seymur Verdizadə sözlərinə belə davam edib: “Ailədaxili münasibətlərə gəlincə, məncə, burada söhbət təkcə fədakarlıqdan getmir. Qarşılıqlı anlaşma, qarşılıqlı güzəşt vacib şərtdir. İnsanlar bir-birini başa düşməlidir. Lazım gəldikdə, hər iki tərəf - həm kişi, həm də qadın fədakarlıq etməyi bacarmalıdır. Bir tərəfdən fədakarlıq gözləmək ədalətsizlikdir.

Azərbaycan qadını həmişə fədakar olub. Ailənin yükü daim qadının çiynindədir. Kişi asanlıqla uşağını atıb harasa gedə bilər. Ən yaxşı halda deyər ki, pul qazanmağa gedirəm. Necə ki, minlərlə kişi bunu edir. Qadın isə heç vaxt bu cür davrana bilmir. Çünki cəmiyyət uşağını atan ananı uşağını atan atadan yüz dəfə çox qınayır. Düzdür, bu gün az da olsa uşağını atan analar da var. Amma onlar Azərbaycan qadınının təmsil etmir, uzaqbaşı, öz ailəsini təmsil edir.

Təəssüf ki, bəzən Azərbaycan qadınının fədakarlığından sui-istifadə hallarına rast gəlirik. Fədakarlıq qadının istismarına gətirib çıxarmamalıdır. Qadın kimin və nəyin uğrunda fədakarlıq etdiyini bilməlidir. Elə kişilər var ki, onların uğrunda nəinki fədakarlıq etməyə, hətta qarşılarına 1 stəkan çay qoymağa da dəyməz”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə