"Oruc tutmayan insanları iftar süfrəsinə çağırmaqla..." - DİN XADİMİ DANIŞDI

"İftar süfrəsini açan insan bunu Allaha xatir edir. Ramazanda ən böyük savablardan biri iftar süfrəsi açmaqdır. İftar süfrəsinə ehtiyacı olanları, yoxsulları, fəqirləri dəvət etmək daha savabdır. Təbii ki, iftar süfrəsi açdıqda nə qədər araşdırsaq belə onlarla, yüzlərlə fəqiri toplayıb dəvət edə bilmirik". Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.

Onun sözlərinə görə, Ramazanda açdığımız iftar süfrəsinə qohum-əqrəba, dost-tanışı da dəvət edə bilərik: "Burada elə bir şərt yoxdur ki, iftar süfrəsində olan insanlar mütləq oruc tutan olmalıdır. İftar süfrəsinə dəvət olunan insanlar artıq bilirlər ki, bu, Ramazana xatir edilib və onların düşüncəsində müəyyən təsir buraxır. Elə insan ola bilər ki, xəstədir və ya heç dindən xəbəri yoxdur. Amma onlar da iftar süfrəsinə dəvət edilərək orada edilən dualardan təsirlənib imana gələ bilər".

F.Nurullayev sözlərinə davam edərək bildirib ki, istənilən insanı istənilən qədər iftar süfrəsinə dəvət etmək olar: "Amma yenə də mömin, haqq bilən insanları iftar süfrəsinə çağırmaq daha yaxşıdır. Eyni zamanda, ətrafınızda yoxsul və fəqir insanlar varsa, onlar dəvət olunmalıdır. Bəzən onları dəvət etmək olmur, amma yenə də bu nemətləri onlarla paylaşmaq lazımdır. Həmçinin, qazi və şəhid ailələrinə qarşı diqqətli olmaq lazımdır".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə