"Bu sağlam cəmiyyət üçün xarakterik deyil” - MÜNASİBƏT BİLDİRİLDİ

Gürcüstanda hakim partiya LGBT təbliğatına qarşı qanun layihəsi hazırlayıb. Azərbaycan cəmiyyətində buna münasibət necədir? SİA mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyevin fikrini öyrənib.

Onun sözlərinə görə, LGBT və digər tendensiyalar heç vaxt Azərbaycan üçün xarakterik olmayıb: “Bunlar daha çox qərbdən, Avropadan feminist dalğa ilə gələn hərəkatlardır. Açığı hesab edirəm ki, LGBT və digər neqativ tendensiyaları qərb ölkələri bizim kimi ənənəvi cəmiyyətlərə, toplumlara bilərəkdən yoluxdurmaq istəyirlər”.

Sosioloq bildirib ki, guya Azərbaycan kimi ölkələrin bu tipli insanlara dözümsüzlüyü olduğu bildirilir: “Halbuki Azərbaycan kimi ənənəvi cəmiyyətlərdə belə neqativ tendensiyalar heç vaxt olmayıb. Avropa və qərb ölkələrində bu tendensiyalar geniş şəkildə yayılıb. Ümumiyyətlə LGBT bir sosial anemiyadır, cəmiyyətin xəstə halıdır. Yəni ona nə qədər münbit şərait yaradılarsa, daha çox yayılır. Cəmiyyətlər öz-özünü tənzimləyən sistem olduğu üçün belə tendensiyaların qarşısı həmişə alınıb. Bu normalar və qaydalarla, ictimai qınaqla həyata keçirilib. Çünki belə tendensiyalar əslində yayılma, epidemik səciyyəli olan tendensiyalardır. Ona görə də belə neqativ meylləri həmişə ənənəvi cəmiyyətlərdə yaymağa çalışırlar ki, bu cəmiyyətləri idarə etmək asan olsun. Həmin qruplardan bir təzyiq qrupu kimi ənənəvi cəmiyyətin nizamını sarsıtmaq üçün istifadə edirlər. Dəfələrlə Azərbaycan kimi ölkələrə bu istiqamətdə təzyiqlər olub. Hətta qanunvericilik bazasında dəyişiklik edilməsi, bu insanlara hansısa hüquq bağlı təzyiqlər edilib. Amma Azərbaycan qərbin bu təzyiqlərinə böyük dirəniş göstərib. Azərbaycanda LGBT problemi yoxdur, bu tendensiya bizim üçün xarakterik deyil. Belə təbliğatların aparılması yolverilməzdir. LGBT-nin təbliğatı nə qədər aparılırsa o qədər yayıla bilər. Əlbəttə bu sağlam cəmiyyət üçün xarakterik deyil”.

Ü.Şəfiyev sonda qeyd edib ki, bəzi ölkələrdə bu insanların nikahları da tanınır: “Belə neqativ tendensiyalara sağlam cəmiyyət razı ola bilməz. Gürcüstan və digər bu kimi ölkələrdə də bu tendensiya xarakterik deyil. Bu qərbin ənənəvi cəmiyyətlərə sırımaq istədiyi mexanizmdir və bunun qarşısını almaq lazımdır. Cəmiyyət, toplum olaraq bu tendensiyaların təbliğatına imkan verməməliyik. Əfsuslar olsun ki, Azərbaycanda bəzi telekanallarda LGBT və digər tendensiyaların təbliği gedir. Bununla bağlı ciddi şəkildə monitorinqlər aparılmalıdır. Bu tendensiyaların təbliğatına qarşı yönəlmiş hansısa qanuna ehtiyac yoxdur. Çünki Azərbaycanda "Media haqqında" qanunda bu və bənzəri informasiyaların təbliğatına qarşı ciddi şəkildə qanunvericilik əsası var”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə