"Barışmaq ən gözəl əməllərdən sayılır" - MÜNASİBƏT BİLDİRİLDİ

Ramazan ayı xeyir və bərəkət ayıdır. Bu ayda günahlar etmək, habelə əvvəlki aylarda edilən günahları təkrarlamaq, heç bir müsəlmana yaraşmaz. Təsəvvür edin, "Uca Allah bu ayda, arzulayan hər kəsi bağışlayacam, rəhm edəcəm, edilən yaxşı əməllərə görə əvvəlki aylardakından qat-qat daha çox savabla mükafatlandıracam" – deyir, insan isə bu fürsəti əlinin arxası ilə geri çevirir. Halbuki, Allahın buna ehtiyacı yoxdur, buna ehtiyacı olan məhz insanın özüdür. “İnsan öz Rəbbinə qarşı çox nankordur”. (Quran)
Orucluq ayında hansı günahları etmək olmaz və günah etdikdə necə təmizlənməliyik? SİA bu mövzu ilə bağlı Təzə Pir məscidinin axundu Mircəfər Əyyubovun fikirlərini öyrənib.

Axundun sözlərinə görə, Ramazan ayında ən əsas diqqət edilməli olan günahlar insani əlaqələrdir: "Oruc tutmuş müsəlman adətən əsəbi və hövsələsiz olur. Məhz bu nüansları nəzərə alaraq insanlarla münasibətdə daha diqqətli olmaq lazımdır. Xüsusilə ailə mühitində həyat yoldaşı ilə, valideynlərə qarşı və övladlarla rəftar daha alicənab olmalıdır. Sonra isə digər insanlara qarşı qeybət, böhtan, rişxənd, tənə, məsxərə və sair bu kimi əməllərdən uzaq olmaq gərəkir. Əlbəttə, insan səhvən günah edə bilir. Bu mübarək ay günahları təmizləmək üçün ən gözəl fürsətdir. Bacardıqca Allah-təaladan üzr istəmək, istiğfar etmək, tövbə ilə Allaha yaxınlaşmaq lazımdır. Yeri gəlmişkən bu Ramazan ayının Novruz bayramı ilə üst-üstə düşməsi bizim üçün daha geniş fürsətlər yaradır. Belə ki, Novruz bayramında ənənəvi barışıq adətindən faydalanaraq incitdiyimiz adamlardan halallıq almaq yerinə düşərdi. Xüsusilə, valideynlər və yaxın qohumları axtarmaq, onlarla barışmaq ən gözəl əməllərdən sayılır. Allah xalqımıza bu gözəl bayramı mübarək eləsin".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə