Tətildə işə cəlbolunma qanunidir? - AYDINLIQ GƏTİRİLDİ

“Əmək Məcəlləsinin 105-ci maddəsində müəyyən olunmuş “bayram və həftələrarası istirahət günləri biri digərindən əvvəl və ya sonra gələrsə, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə bu iş və ya istirahət günlərinin yeri dəyişdirilə bilər” normasına uyğun qəbul edilib”. Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov deyib.

Onun sözlərinə görə, lakin Əmək Məcəlləsinin 99-cu maddəsinə əsasən, işçinin iş vaxtından artıq işləməsi üçün müəyyən olunmuş iş günləri olmalıdır: “Bundan əlavə, müəyyən olunmuş iş günlərində də iş vaxtları müəyyənləşdirilməlidir. Qanunvericilikdə müəyyən olunmuş hallarda müəssisələr işçiləri bayram və istirahət günləri işə cəlb edə bilərlər”.

Fariz Əkbərov sözlərinə belə davam edib: “Bayram və iş günü hesab edilməyən istirahət günlərində işə cəlb edilmiş işçilərin əməyinin hansı formada ödənilməsi məsələsidir. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və Ümumxalq Hüzn Günü görülən işə görə əməkhaqqının ödənilməsi Əmək Məcəlləsinin 164-cü maddəsində müəyyən olunmuş formada həyata keçirilməlidir.

Bu halda istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və Ümumxalq Hüzn Günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir:

- əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla;

- əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla;

- aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla.
İkinci variantda isə istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və Ümumxalq Hüzn Günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə