Ağdamda Bahar bayramı şənliyi keçirilib

Xalqımızın ən qədim bayramlarından olan Novruz ölkəmizin hər yerində olduğu kimi, Ağdam rayonunda da yüksək əhvali-ruhiyyə ilə qeyd edilir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Quzanlı qəsəbəsində keçirilən bayram tədbirində rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, idarə və müəssisələrin kollektivləri, mədəniyyət işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər.

Novruz şənliyində bayram tonqalı qalanıb, milli mətbəx nümunələri, qədim xalq oyunları, kitablardan, muzey eksponatlarından və rəsm əsərlərindən ibarət sərgilər nümayiş olunub, idmançılar məharətlərini göstəriblər. Tədbir keçirilən məkana Qarabağ atlarının gəlişi maraqla qarşılanıb.

Muğam Mərkəzində davam edən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Çıxış edənlər bayram münasibətilə ağdamlıları təbrik edərək ruzi-bərəkət və firəvanlıq arzulayıblar. Bildirilib ki, artır dördüncü ildir xalqımız Novruz bayramını daha böyük coşqu ilə, daha yüksək əhvalla qeyd edir. 30 il işğal altında olan dədə-baba yurdlarımızda indi bayram tonqalları qalanır.

Bayram tədbirində Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının müşayiəti ilə Xalq artisti Nəzakət Teymurovanın, Əməkdar artistlər Fehruz Səxavətin və Səbuhi İbayevin, “Nənə qızlar” folklor ansamblının ifasında rəngarəng musiqi nömrələri təqdim edilib. Bayramın personajları hesab olunan Bahar qız, Kosa və Keçəlin çıxışları tədbirə xoş ovqat qatıb.

Tədbirin sonunda Prezident İlham Əliyevin Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edilmiş Rəhimova Arzu Məhərrəm qızına və Əzimzadə Hafiz Səlim oğluna medallar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə