"Torpaq əlimdə, bahar ürəyimdə" yarmarkasına insanların sevgisi - REPORTAJ - FOTOLAR

Yurdumuza bahar gəlir!

Martın 1-dən etibarən “Nargis” Fondunun təşkilatçılığı ilə baharın gəlişini müjdələyən “Torpaq əlimdə, bahar ürəyimdə” xeyriyyə yarmarkası Bakı sakinləri və qonaqları üçün qapılarını açıb. Havaların soyuq keçməsinə baxmayaraq yarmarkada əsl bayram ab-havası var. SƏS TV olaraq sizi mövcud vəziyyətlə tanış etmək üçün yarmarkaya yollandıq.

Yarmarkanın qonaqları münasib qiymətə şirniyyatlar, milli və xarici mətbəxin ləziz təamlarını dada, eksklüziv suvenirlər və hədiyyələr əldə edə, hər yaşa uyğun oyunlar oynaya, şəkillər çəkdirə, ən önəmlisi isə xaqlımızın sevimli bayramı – Novruz bayramının həyəcanı və sevincini birlikdə paylaşa bilərlər.

Burada satılan məhsullara tələbat kifayət qədərdir. Alıcılar da yaradılan şərait və qiymətlərdən razılıqlarını bildiriblər.

Yarmarkada “Hamurita” stendinin həm qurucusu, həm də aşpazı olan Rifah Abbasov milli mətbəxi “Street food” halına gətirdiyini bildirib: “Məlumdur ki, bayramlarda qurulan bu yarmarkalara ölkəmizə gələn turistlər də üz tutur. Turistlər burada müxtəlif ölkələrin “street food” və ya “fast food”larını dadırlar. Fikirləşdim ki, biz öz mətbəximizin “street food”unu niyə təqdim etməyək?! Ona görə də milli mətbəximizə məxsus gürzə yeməyini sadə variantı ilə yanaşı ətli, pendirli, kartoflu, qızardılmış şəkildə də hazırlayıram. Gürzənin yanında isə özümün hazırladığı zoğal, gavalı və s. souslarını təklif edirəm”. Rifah bəy qeyd etdi ki, stendində həm də müxtəlif növ turşular və özünə məxsus olan reyhan limonatı satışdadır. Qiymətlər isə çox münasibdir. Bir porsiyada 5 ədəd olan gürzənin qiyməti sousla birlikdə 6 manat, limonat 3 manat, turşu isə 4 manatdır. Alıcı keyfiyyəti isə yüksəkdir. Müştərilərin əksəriyyəti daha çox 30 yaşdan yuxarıdır.

Aksessuar stendində çalışan Zəminə Əmirova isə yarmarkada ilk dəfə fəaliyyət göstərdiyini qeyd edib: “Stendimizə üz tutan alıcı sayı normaldır. Alıcıların böyük bir qismi turistlərdir. Xarici alıcılar bizim əl işlərimizə, daha çox göz muncuğu şəklində olan boyunbağılara maraq göstərirlər. Hər büdcəyə uyğun qiymətli məhsullarımız var. Qiymətlərimiz 10 AZN-dən başlayır. Ən yuxarı qiymət isə 90 manatdır, lakin belə məhsullarımız azdır”.

Artıq illərdir təşkil olunan bu yarmarka şəhərimizin mərkəzində əsl Novruz ab-havası yaratmaqla yanaşı bir çox ailəyə ümid bəxş edir. Belə ki, yarmarka sponsorlarının maliyyə dəstəyi və yarmarkada qurulan evlərin kirayəsindən toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına sərf edilir. Daha sonra yarmarkanın maliyyə hesabatı və nəticələri haqqında ətraflı məlumat Fondun rəsmi www.nargisfund.com vebsaytı və sosial şəbəkə hesablarında paylaşılır.

Yarmarka iştirakçısı Nurlana Muradova qeyd edib ki, 3-7 yaş aralığında olan uşaqlar onun satdığı “Əjdaha nəfəsi” məhsuluna daha çox maraq göstərir: “Bu məhsulun uşaqlara heç bir ziyanı yoxdur, sadəcə əyləncə məqsədilə alırlar. Hətta deyərdim ki, digər stendlərə nisbətən bizim məhsula olan maraq daha çoxdur. Qiymətlər qutunun böyük və ya kiçik olmasına görə 3-4 aralığında dəyişir”.

Bahadur Ramazanov isə alıcılara müxtəlif növ şirniyyatlar təqdim edir: “Növlərə görə qiymətlər də dəyişir. 2, 2.50 və 3 manata şirniyyatlar var. Qiymətlər münasib olsa da, Yeni ilə nisbətən bu bayramda alıcı sayı azdır. Gün ərzində alıcı sayı təxminən 80-100 arası dəyişir”. Stend sahibi bildirib ki, alıcılar arasında gənclər və azyaşlılar üstünlük təşkil edir.

Yarmarka 35 böyük və 20 kiçik ev, 3 ədəd iki mərtəbəli restoran, Novruz bayramına aid müxtəlif konstruksiyalar və elementlər, balaca köşklər, oyun zonası, fotozona, 4D kinoteatr, qorxu evi, labirint otağı və müxtəlif tematik guşələrdən ibarətdir. Yarmarka ərazisində quraşdırılmış iki ədəd böyük monitorda yarmarka haqqında ətraflı məlumat və yarmarkanın xəritəsi nümayiş olunur.

Təbii ki, yalnız satıcıların deyil, eyni zamanda bayram ab-havasını duymaq üçün yarmarkaya üz tutmuş alıcıların da fikirlərini öyrəndik.

Alıcı Solmaz Cabbarova ilk növbədə bütün Azərbaycan xalqının bayramını təbrik etdi: “Torpaqlarımız işğaldan azad olunduqdan sonra bayramları bir başqa ab-havada qeyd edirik. Bu ab-havanı hiss etdiyimiz yerlərdən biri də “Torpaq əlimdə, bahar ürəyimdə” yarmarkasıdır”. Ayın əvvəlindən bəri yarmarkaya tez-tez üz tutduğunu və ən çox burada satılan meyvə şirəsini bəyəndiyini bildirib. Qiymətlərin cibə münasib olduğunu da əlavə edib.

Balaca əmisi oğlunu gəzməyə gətirən Asiman Gülmalıyev də şəhərdə əsl bayram ab-havasını hiss etdiyini bildirib: “Qiymətlər cibə uyğundur. Ona görə də uşaqlar nə istəsə, almaq mümkündür. Əmim oğluna “köfte ekmek”, “popcorn” və dönər almışam. Həmçinin, burada əylənmək üçün müxtəlif oyunlar var. Uşaqlar təkcə yemək üçün deyil, həm də səmərəli vaxt keçirmək şansı əldə edirlər”.

Biz də hər birinizin Novruz bayramını təbrik edir, xoş istirahətlər arzulayırıq.

Qeyd edək ki, “Torpaq əlimdə, bahar ürəyimdə” xeyriyyə yarmarkası martın 1-dən 30-dək hər gün saat 11:00-dan 23:00-dək fəaliyyət göstərəcək.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə