Evli kişi həyat yoldaşından xəbərsiz dini nikah bağlaya bilər? - AYDINLIQ GƏTİRİLDİ

“İslam dinində bütün hökmlər, ailə - məişət məsələri də daxil olmaqla mütləq bir səbəbə, hikmətə, bəzən də zərurətə əsaslanır. Doğrudur dinimizdə təkrar evlənməyə icazə var. Ancaq bu da həvayi – nəfsə, kefə bağlı məsələ deyil. Ədalətə, normal münasibətlərə, razılığa riayət edərək problemlərə səbəb olmadan, təkrar evlənməyə sosial səbəb olmalıdır. Peyğəmbərin həyatında da bu cür olub. İlahiyyatçının sözlərinə görə kişi təkrar evlənirsə, həyat yoldaşının məlumatı, razılığı olmalıdır. Ancaq bu, şəriətə əsaslanır”. Bu sözləri SİA-ya danışan ilahiyyatçı Tural İrfan deyib.

O bildirib ki, qanunlarımıza görə isə ölkəmizdə yalnız bir qadınla rəsmi nikaha icazə var: “Başqa bir sıra müsəlman ölkələrində təkrar rəsmi nikaha icazə var. Azərbaycanda da ilk həyat yoldaşının müəyyən problem ucbatından övladı olmadığına görə, onunla boşanmadan və razılığı ilə təkrar evlənib uşaq sahibi olan çoxsaylı insanlar tanıyıram. Ancaq evli kişilərlə gənc qızların evlənməsi şəriətə müxalif olmasa da, əgər cəmiyyətdə ikrah yaradırsa, adət - ənənələrimizə də ziddirsə, doğru deyil. Baxmaq lazımdır ki, bu kimi evliliklər nə üçün baş verir, səbəb nədir?”.

“Bəlkə də gənclərin evlənməyə imkanı yoxdur, sosial problemlər içində çabalayırlar və buna görə də müəyyən qızlar evli, imkanlı şəxslərin ikinci arvadı olmağını daha üstün tuturlar. Başqa nə səbəb ola bilər ki? Bir şeyin əsl səbəbini, mahiyyətini bilmədən onu tənqid yaxud təqdir etmək obyektiv olmaz. Ona görə, öncə bunun əsl səbəbini araşdırmaq vacibdir”,- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə