"Dövlət qulluqçusu olmaq istəyənlərin sayında artım müşahidə olunur" - EKSPERT BİLDİRDİ

"Dövlət qulluqçusu olmaq istəyənlərin sayında artım müşahidə olunur" - EKSPERT BİLDİRDİ

“17 mart 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunun inzibati rəhbər vəzifələri üzrə ilkin test imtahanı və dövlət qulluğunda işləyənlər üçün fəaliyyətin davam etdirilməsi üzrə imtahanlar keçirilib. İmtahanlarda iştirak edən namizədlərin sayına diqqət etsək görərik ki, əvvəlki illərlə müqayisədə artım müşahidə olunur”. Bu barədə SİA-ya açıqlamasında dövlət qulluğu üzrə ekspert Səxavət Nəsirov deyib.

Onun sözlərinə görə, dövlət qulluğuna marağın artması bu sahəyə dövlət tərəfində göstərilən qayğının, diqqətin nəticəsidir: “Eyni zamanda dövlət qulluğunda işləyənlər üçün son illərdə təminatlar da yaxşılaşmışdır. 5 il bundan əvvəlki dövrlə müqayisədə görürük ki, dövlət qulluqçularının təminatlarında xeyli irəliləyişlər müşahidə olunur. Bu da eyni zamanda dövlət qulluğuna qəbul olmaq istəyən namizədlərin həmin sahəyə olan marağını artıran səbəblərdən hesab olunur”.

Ekspert bildirib ki, dövlət qulluğunda aparılan islahatlar təbii ki, işə qəbul prosesində özünü göstərir: “Amma çatışmayan bir cəhəti nəzərə almaq lazımdır ki, dövlət qulluğunda imtahan kitabçalarının imtahandan sonra namizədlərə verilməməsi imtahanda iştirak edən namizədlər arasında haqlı narazılığa səbəb olur. Məsələnin iki tərəfi var. DİM tərəfdən məsələyə yanaşı olsaq, onların sual bazasının məhdud olmasına görə bu sualların verilməsi mümkün olmur. Lakin namizədlər də imtahanda iştirak etdikdən sonra onlara qaranlıq yaxud şübhəli qalan sualları aydınlaşdırmaq üçün apellyasiyaya müraciət etmək məcburiyyətində qalırlar. Bu isə nəticədə əlavə vaxt itkisinə, eyni zamanda imtahan suallarında istifadə olunan test nümunələrinə şübhələrin yaranmasına gətirib çıxarır”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə