Çərəzlərin insan üçün faydaları BƏLLİ OLDU - MÜTƏXƏSSİS DANIŞDI

Çərəzlərin insan üçün faydaları BƏLLİ OLDU - MÜTƏXƏSSİS DANIŞDI

“Çərəzlərdən danışarkən ilk növbədə qozu misal çəkməz lazımdır. Belə ki, qoz tərkibi “Omega 3” yeganə qabıqlı quru meyvə sırasına daxildir. “Omega 3” isə əvəzolunmaz yağ turşusudur və ürək, qan-damar sistemi üçün faydalıdır, eyni zamanda pis xolesterinə qarşı da mübarizə aparır”. Bu sözləri SİA-ya açıqlamasında qida üzrə Baş mütəxəssis Ağa Salamov deyib.

Mütəxəssis bildirib ki, qozun “Omega 3” və liflərlə zəngin olması orqanizmin immun sisteminin güclənməsinə gətirib çıxarır: “Yəni qoz təbii olaraq çərəzlərin içərisində başda gəlir. Fındıq isə anti oksidandır və xərçəng hüceyrələrinə qarşı mübarizə aparan quru meyvədir. Fındığın üst qabığında da vitamin və minerallar var. Həmçinin tərkibi liflə zəngin olduğundan mədə-bağırsaq sistemində də çox mühüm rolu var.

Qara kişmişin tərkibi antioksidləşdiricilərlə zəngindir. Bu da orqanizm, insan sağlamlığı üçün mühüm maddədir. Ərik qurusu isə ürək, qan-damar sistemində faydalıdır, liflərlə zəngin olduğundan bağırsaq florasında da mühüm təsirləri var.

Kalsium və maqnezium mənbəyi olan badamı da mühüm əhəmiyyətli çərəz olaraq misal çəkmək olar. Hansı ki, uşaqlarda sümüklərin inkişafında, yaşlılarda sümüyün bərkiməsində badamın böyük rolu var. Badam həm də qan təzyiqini normallaşdıraraq, bağırsaq mikroflorasına da çox gözəl təsir edir.

Yer fıstığının tərkibində isə dəmir çox olduğundan qan azlığına faydaları var. Eyni zamanda qırmızı qan hüceyrələrinin artmasında köməkçi olur. Bununla yanaşı tərkibində “B 6” vitamini var ki, bu da sinir sistemi üzərində böyük təsir göstərir. Gündəlik qidalanmada quru meyvə və çərəzlərə üstünlük vermək lazımdır. Lakin həddindən artıq çox çərəz qəbulu da düzgün hesab olunmur. Belə ki, gün ərzində bir ovuca sığacaq qədər yeyilməsi məqsədəuyğundur. Həmçinin çərəzləri çayın yanında qəbul edərək şəkəri əvəzləmək olar. Çərəzləri çiy, qovurmadan yeməyə diqqət etmək lazımdır. Çünki çərəzləri qovurduqda tərkibində yağ trans yağa çevrilir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə