Hansı hallarda işəgötürən cinayət məsuliyyətinə cəlb edilir? - MÜNASİBƏT BİLDİRİLDİ

Hansı hallarda işəgötürən cinayət məsuliyyətinə cəlb edilir? - MÜNASİBƏT BİLDİRİLDİ

"SƏTƏM nədir? - Bu sözün açılımı Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi deməkdir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Turan Abdullazadə deyib.

O bildirib ki, Əmək Məcəlləsinin 207-ci maddəsinə əsasən, işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ vardır: "Əməyin mühafizəsi üzrə normativ hüquqi aktların tələbləri, əməyin mühafizəsi normaları, standartları, qaydaları əmək münasibətlərinin tərəfləri və digər fiziki və hüquqi şəxslər üçün məcburidir.

Bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş əməyin mühafizəsi normaları və qaydaları hökmən: işçilərin; istehsalat təcrübəsi keçən tələbə və şagirdlərin; müəssisələrdə işə cəlb edilən hərbi qulluqçuların; məhkəmə hökmlərinin icrası yerlərində işləyən məhkumların; təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına, habelə hərbi və fövqəladə vəziyyət rejimində işlərin görülməsinə cəlb edilən şəxslərin çalışdıqları bütün iş yerlərində tətbiq edilməlidir.

İşəgötürənlər, işçilər, habelə ayrı-ayrı fiziki şəxslər əməyin mühafizəsi problemlərini həll etmək üçün birləşərək ictimai birliklər haqqında qanunvericiliyə müvafiq olaraq fəaliyyət göstərən ictimai birliklər yarada bilərlər. Dövlət hakimiyyəti orqanları, habelə işəgötürənlər bu ictimai birliklərə hərtərəfli kömək göstərməli və əməyin mühafizəsinin təmin edilməsi barədə normativ hüquqi aktları qəbul edərkən onların təkliflərini və tövsiyələrini nəzərə almalıdır.

Əməyin mühafizəsinə dair vahid dövlət siyasəti müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir".

Onun sözlərinə görə, dövlət və müəssisələr səviyyəsində əməyin mühafizəsi fondu yaradıla bilər: "Dövlət Əməyin Mühafizəsi Fondu müvafiq icra hakimiyyəti tərəfindən təsis edilir.

Əməyin mühafizəsi işinin təşkili və əməyin mühafizəsi üzrə qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi üçün iqtisadiyyatın bütün sahələrinin müəssisələrində işçilərin sayı əlli nəfərdən çox olduqda əməyin mühafizəsi xidmətləri yaradılmalıdır.

Əmək müqaviləsinin bağlanması şərtləri də bu Məcəllə ilə müəyyən edilmiş əməyin mühafizəsi normalarının tələblərinə uyğun olmalıdır.

İşçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti təmin edilmədikdə və kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlər yerinə yetirilmədikdə qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada işəgötürən inzibati və cinayət məsuliyyətinə cəlb edilir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə