"Arzu edərdim ki, o sular Aran rayonlarına, Bakıya da çəkilsin" - EKOLOQDAN AÇIQLAMA

"Arzu edərdim ki, o sular Aran rayonlarına, Bakıya da çəkilsin" - EKOLOQDAN AÇIQLAMA

Qarabağda ümumi tutumu 70.5 milyon kubmetr olan Bərgüşadçay su anbarının tikintisi nəzərdə tutulur. Bunun azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafına təsiri hansı səviyyədə olacaq? SİA mövzu ilə bağlı ekoloq Ənvər Əliyevin fikrini öyrənib.

Onun sözlərinə görə, bu ərazilərdə əsasən üstünlük təşkil edən qar sularıdır: “Onların su ehtiyatları yaxşıdır, oralar vulkanik sahələrdir. Həmin sahələrin keyfiyyəti təbii ki, Qafqazın sularından qat-qat çoxdur. Həmin sualar minerallarla zəngindir. O sular yerin altındakı maqmatik süxurlardan keçdiyi üçün sağlamlıq baxımından əvəzsizdir”.

Ekoloq bildirib ki, orada əhalinin təminatını həyata keçirmək lazımdır: “Yaxşı olar ki, pərakəndə axan suların hamısı yığılıb insanların istifadəsinə verilsin. Başlı-başına axan kifayət qədər bulaqlar var. Onları bir yerə toplayıb ayrı-ayrı kəndlərə su çəkmək olar. Bu da əhalinin məskunlaşması, onların həyətyanı təsərrüfatlarını qurması üçün vacib şərtdir. Su olmasa həyat yoxdur, bunu hamı bilir”.

Ə.Əliyev sonda qeyd edib ki, Laçın, Qubadlıda yay otlaqları var, onların suvarılmasına ehtiyac var: “Heyvandarlıq komplekslərinin suyla təmin olunması, yem ehtiyatlarının formalaşmasına ciddi şəkildə təsir edəcək. Mənə elə gəlir ki, orada təsərrüfat mexanizmini quranlar oradakı su anbarının doldurulması, ondan istifadə edilməsi üçün bütün şərtləri nəzərə alıblar. İstər əkinçilik, istərsə də heyvandarlıq üçün belə su anbarlarının əhəmiyyəti danılmazdır. Arzu edərdim ki, o sular Aran rayonlarına, Bakıya da çəkilsin. Çünki onlar insanın sağlamlığı üçün əvəzsizdir”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə