Son zamanlar xüsusilə rayonlarda avtomobil qəzalarının sayı daha da artıb. Bəs buna səbəb nədir? SİA mövzu ilə bağlı nəqliyyat ekspertləri Aslan Əsədov və Ərşad Hüseynovun fikirlərini öyrənib.
Nəqliyyat eksperti Aslan Əsədovun sözlərinə görə, respublika əhəmiyyətli və yerli əhəmiyyətli yollarda baş verən qəzaların müxtəlif səbəbləri var: “Burada başlıca səbəblər sürət həddinin doğru seçilməməsi, işıqlandırılmayan yollar və s. göstərilə bilər. Biz bu qəzaları xarakterizə etsək, maneəyə çırpılma, maneəni ötə bilməmə, kanala düşmə, o cümlədən idarəetmənin itirilməsi ilə bağlı qəzalar baş verir. Səbəbləri saydıqca çoxalır. Qəzaların baş vermə səbəblərindən ən başlıcası məsuliyyətsizlikdir. Hər birimiz yollarda diqqətli, məsuliyyətli olmalıyıq. Maksimum dərəcədə səhhətimizdə narahatlıq baş verdiyi zaman yollara çıxmamalıyıq”.
Nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, Azərbaycanda baş verən yol nəqliyyat hadisələrinin 87%-i yaşayış məntəqələrində baş verir: “Kənarda baş verən hadisələr az olsa da daha dəhşətli olduğu üçün yadda qalır. Səbəblərin içərisində hər şey var. İlk növbədə problem sürücü hazırlığı ilə bağlıdır. Qeyri-peşəkar sürücülər hər yerdə doludur. Hazırlıqsız sürücülərin yollara çıxmasının qarşısı alınmalıdır. Ümumi təhlükəsizlik qaydalarına əməl edilməsi ilə bağlı cəmiyyətdə problem var. Hər kəs yol hərəkəti qaydalarını bilməli, bunlara əməl etməlidir. Yollarımızda da problemlər var. Yol hərəkəti hadisələrinin bəziləri də ona görə baş verir ki, gecə küçələrin çoxu işıqlandırılmır. İnfrastrukturda, nişanlama xəttlərində problemlər var. Bütün bunlar toplananda mənzərə eyni mənzərə yaranır”
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB