"Əgər insan sağlamdır və bilərək oruc tutmursa,..." - DİN XADİMİ DANIŞDI

"Əgər insan sağlamdır və bilərək oruc tutmursa,..." - DİN XADİMİ DANIŞDI

“Oruc Allah-təalanın əmridir, Allah-təala buyurur ki, sizin üçün vacib edilib və sizdən öncəki Peyğəmbərlərin ümmətinə də vacib edilmişdi. Sağlam insan, orqanizmində heç bir fiziki problem olmayanlar mütləq oruc tutmalıdır. Əgər insan sağlamdır və bilərək oruc tutmursa, İslam dini baxımından günah etmiş olur. Amma müxtəlif xəstəlikləri olan şəxslər var ki, həkimlər həmin insanların oruc tutmasına icazə vermir”. Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev deyib.

O bildirib ki, oruc tutmaq insana sağlamlıq gətirir: “Bir ay müddətində oruc tutaraq, insanın qidalanması balanslı olur, bədəni toksinlərdən təmizlənir. Tibb mütəxəssisləri də təsdiq edir ki, oruc tutmaq insan sağlamlığı üçün olduqca yaxşıdır. Ramazan ayında istisna olaraq hər hansı səfərlər olarsa, bu zaman da oruc tutmağa ara vermək olar.

İnsan xəstədir və ya başqa bir səbəbdən oruc tuta bilmirsə, bu zaman maddi vəziyyəti imkan verdiyi halda hər gün üçün fidyə verməlidir. Təqribən bu məbləğ də 5-10 azn arası nəzərdə tutulur. Həmçinin bu məbləğ ərzaq şəklində də yoxsullara paylanıla bilər. Oruc ibadəti insana bir çox dəyərləri göstərir. Ramazan ayında birlik olmaq, yoxsullara əl tutmaq da mühümdür”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə