"İntihar nəticədir, səbəblər araşdırılmalıdır, intiharın qarşısını son ana qədər ala bilmək mümkündür. Ölkəmizdə intihar statistikasına təsir edən ən böyük faktorlardan biri də intiharın latent səviyyədə getməsidir. Bir çox ailələr sırf mentalitet faktoruna görə intihar faktını gizlədirlər. Dünyada intihar ölümün 3-cü səbəbidir, Azərbaycanda da bu trendə meyl çoxalır. İntiharın daxili və xarici faktorları mənəvi, psixoloji, mental, sosial, ekoloji, ailə və sair amillərdir". Bu sözləri SİA-ya sosioloq Cavid İmamoğlu deyib.
Sosioloq intiharı ictimai səhiyyə problemi hesab edir: "İntihar etmək dərəcəsində olan insanlara sosial dəstək göstərilmir. Bir çox hallarda intihar etmək istəyən insanlar bizim yanımızda olur, biz onların verdiyi mesajları başa düşmürük. İntihar çarəsizlikdir, qarşıdakı problemi idarə edə bilməyən insan stressə düşür, dəstək gözləyir, bu dəstək daxildən və ya kənardan gəlməlidir. Bu dəstəyi görməyən insan sonda özünə qəsd etməyi çıxış yolu kimi seçir. İntihar edən üçün ən son anda bir ümidin yaranması kifayət edər ki, insanı həyata qaytarsın. Bizim cəmiyyətimizdə sosial dəstək çatışmır. Bütün müəssisələrdə sosial işçi olmalıdır, onlar başqalarının görə bilmədiyi məqamları görür, böhranlı halları üzə çıxarır, prosesə dəstək göstərir. Təəssüflər olsun ki, bu məsələ problem hələ də qalır. Bu sosial dəstək faktoru olmadıqca intihar da problem olaraq genişlənir".
Onun sözlərinə görə, 14-24 yaş arası keçid mərhələsi hesab olunur: "Yeni həyat bacarıqları tələb olunan məqamda yeniyetmələrə dəstək verilmədiyi vaxtda çətinlikləri idarə edə bilmirlər. Məktəb imtahanları, sevgi, ailədaxili münaqişələr uşağın özünə qapanmasına, depressiv vəziyyətə düşməsinə səbəb olur. Bu vaxt uşaq özünə təqlid modeli kimi intihar yolunu seçir. Böhran vəziyyətində olan uşaq üçün hər hansı intihar görüntüsü təqlid modelidir. Ona görə də ictimai səhiyyə ilə məşğul olan insanlar ilk növbədə medianın intihar xəbərləri verməsinin yeri və rolu mövzusunda müzakirələr aparırlar. İntihar xəbərləri cəmiyyətdən gizlədilməməlidir, amma bu xəbərlərin verilmə etikası var. Belə mövzuda xəbər və ya müsahibə hazırlananda mütləq psixoloqla məsləhətləşmək lazımdır. Bu işin etikası belədir ki, intihar baş vermiş ailədən müsahibə alınacaqsa, mütləq ailə həkiminin, ailə psixoloqunun rəyi nəzərə alınmalıdır. Çünki ailə artıq böhranlı vəziyyətdədir. Təəssüflər olsun ki, bu gün Azərbaycan reallığında intihar təqlid modeli kimi yayılır. Reytinq arxasınca qaçan sosial medianın hazırladığı "şok olay", "şok görüntü" başlıqları, intihar edənin şəkli, bizim cəmiyyəti böyük bir fəsada salır. ABŞ-da xüsusilə də uşaqlar arasında intihar halları çoxdur. Ümumi proses onu göstərir ki, Azərbaycan reallığında bu gün intiharın yaşı sürətlə yenilənir. Çünki uşaqlar bu gün qloballaşma təsiri altındadır, dünyada gedən prosesdən kənar qalmırlar".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB