"İnsan özünü tanıdıqca ona nəyin yaxşı və pis gəldiyini bilir" - PSİXOLOQ FİKRİ

"İnsan özünü tanıdıqca ona nəyin yaxşı və pis gəldiyini bilir" - PSİXOLOQ FİKRİ

"Motivasiyanı yüksək tutmaq üçün özümüzü tanımalıyıq, bilməliyik". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib.

Psixoloq bildirib ki, özümüzü tanıdıqca bizə nəyin yaxşı, nəyin pis gəldiyini biləcəyik: "Bunu bildikdə də buradan yola çıxırıq. Əvvəl ruh düşkünlüyü və yüksəkliyini ayırmaq lazımdır ki, sənə nəyin yaxşı təsir etdiyini biləsən. Adam var ki, motivasiyası aşağı olanda bir müddət yatır, şirin şeylər yeyir, tək qalır. Adam da var ki, cəmiyyət içində olanda motivasiyası düzgün, yerində olur.

Məsələn, qadınlar arasında salona getmək, üz və saçlarında prosedurlar etmək onlara çox yaxşı təsir edir. Ona görə də bu məsələ insana görə dəyişir. Amma ümumi motivasiyanı götürdükdə, məsələn, "YouTube"da motivasiya videolarına baxmağı tövsiyə edərdim. Musiqini dinləmək, videoda deyilən sözləri eşidib öz-özünə təlqin etmək çox təsirli olar.

Daxili və xarici motivasiya nədir?

Daxili motivasiya ruh yüksəkliyini özümüzün qaldırmağımız, xarici motivasiya isə kənardan bizə təsir edən vasitələrdir. Açar söz odur ki, insan özünü tanıdıqca ona nəyin yaxşı və pis gəldiyini bilir. Bunu bilmək üçünsə, araşdırmaq lazımdır. "YouTube"da su səsi, meşə, quş səsləri var ki, çox təsirlidir. Seanslarda həmin səsləri, musiqiləri dinləmək insanın ruhunu tənzimləyir. Motivasiyalar üçün videolar, uğur qazanmış insanların hekayələrini dinləməklə yanaşı ən yaxşı motivasiya olan öz qazandığımız uğurları yada salmaqdır. Qazanılan uğurları yada saldıqca yaşanılan çətinlikləri necə keçdiyini düşünüb özünü motivasiya etmək çox təsirli olur".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə