Sosial şəbəkələr həyatımızda nələri DƏYİŞDİ... - ARAŞDIRMA

Gündəlik həyatımızı sosial medialar olmadan təsəvvür etmək mümkün deyil. Bəs sosial medianın mənfi və müsbət tərəfləri nələrdir? Sosial şəbəkələr bizə necə təsir edir? SİA mövzu ilə bağlı araşdırma aparıb.

Əvvəlcə sosial şəbəkələr haqqında nə qədər məlumatlı olduğumuza baxaq. Hansı sosial şəbəkələri tanıyırıq? Bunlardan necə istifadə edirik və necə istifadə etməliyik?

Sosial şəbəkələrin faydalarını saymaqla bitməz, amma biz bu gün bir neçəsini təqdim etməyə çalışacağıq.

Sosial şəbəkələrin ilk faydası operativ olmasıdır. Sosial media vasitəsi ilə hər hansı informasiyanı bir neçə saniyə içərisində əldə edə bilirik. Yəqin ki, 20 il əvvəl Bakıda əyləşib Vaşinqtonda baş verən hadisələri kiçik bir telefondan canlı şəkildə desələr bu təəccüb doğurardı. Amma bu gün istifadə etdiyimiz sosial şəbəkələr bundan daha çoxunu da etməyə imkan verir. Gündəmdə baş verənləri öyrənmək üçün axşam xəbərləri saatını gözləməyə, istədiyiniz məlumatı tapmaq üçün kitabxanaya getməyə, reklamınızı paylaşmaq üçün kiməsə müraciət etməyə ehtiyac yoxdur. Sosial media bütün bunları da sizin yerinizə edir. İkinci faydası əlçatan olmasıdır. Bu gün əlində ağıllı telefonu, internetə daxilolma imkanı olan hər kəs sosial şəbəkələrdən istifadə edə bilir. Küçədə, evdə, zaman və məkan fərq etmədən dostlarınızla söhbətləşə, məlumat alış-verişi edə bilərsiniz. Üçüncü və ən önəmli üstün cəhəti isə qlobal olmasıdır. Unutmayaq ki, istifadə etdiyimiz sosial şəbəkələr yalnız kiçik bir ərazini deyil bütün dünyanı əhatə edir. Bu yolla dünyanın hər yerindən insanlarla ünsiyyət qura, şəxsi inkişamıza töhfə verə bilərik. Digər bir üstün cəhət olaraq həyatımıza daxil olan süni intellektin istifadə edilməsinə uyğunlaşmaq da sosial şəbəkələrlə mümkündür. Sosial şəbəkələr bu gün iqtisadi, siyasi, sosial, mədəniyyət, idman və ağlınıza gələ biləcək hər sahədə inkişaf etməyinizə zəmin hazırlaya bilir.

İndi isə sosial medianın mənfi tərəfləri barədə qısa məlumat verək

Sosial şəbəkələr təəssüf ki, müsbət olduğu kimi mənfi məqsədlər üçün də istifadə edilə bilir. Sosial şəbəkələr yaranandan bəri fırıldaqçılıq və kibercinayətkarlığın da yeni mərhələsi başlanmış oldu. Sosial şəbəkələr artıq bir yandan da cinayət aləminin virtual meydanına çevrilib deyə bilərik.

Sosial şəbəkələrin ən təhlükəli tərəflərini bu şəkildə qruplaşdıra bilərik:

Təriqətlər və sosial media:

Dini təriqətlər bu gün özlərinə “fədai”, “mücahid” toplamaq üçün sosial mediadan geniş istifadə edir. Bu zaman təriqət üzvləri öz adlarından deyil, saxta adlardan istifadə edərək insanları təriqətlərinə cəlb edirlər. Buna misal olaraq Türkiyədə 2016-cı ildə hərbi çevriliş cəhdini göstərə bilərik. Hətta o dövrdə elə absurd və həqiqətdən uzaq paylaşımlar yayılırdı ki, bu gün onları görəndə insan heyrətə gəlir. Məsələn FETÖ təriqətinin ən məşhur yayılan paylaşımı Məhəmməd Peyğəmbər və "Twitter" barədə idi. Belə ki, yayılan paylaşımda Məhəmməd Peyğəmbərin FETÖ təriqətinin "Twitter" paylaşımlarını paylaşmağın vacib olduğunu dediyi iddia edilirdi. İşin maraqlı tərəfi buna inanan və əməl edən geniş kütlənin olmasıdır. Məhz 2016-cı il çevriliş cəhdinə aparan yolda bu kimi sosial şəbəkə paylaşımlarından geniş istifadə edilmişdi.

Saxta hesablar və trollar

Sosial medianın ən böyük problemlərindən biri də məhz saxta hesablar və trollardır. Bu kimi hesablar bir çox məqsədlər üçün istifadə edilə bilər. Burada əsas məqsədlər saxta gündəm yaratmaq, müəyyən kampaniyalar aparmaq olsa da bəzən kibercinayətlər üçün də istifadə edilirlər. İlk zamanlarda müəyyən qurumlar və məşhur şəxslər adına səhifələr açılaraq bank kartı məlumatları ələ keçirilirdisə, artıq bunun da yeni üsulunu tapıblar. Kibercinayətkarlar bu səfər də sizin xəbəriniz olmadan adınıza saxta səhifələr açır və yaxınlarınızdan müəyyən məbləğdə pul əldə edirlər.

Trolların müxtəlif növləri var. Dini, siyasi, ailə-məişət, sosial mövzularda bilməsələr də danışanlar, kommentlərdə mübahisə yaratmaqla məşğul olanlar, təhqir kampaniyası aparanlar bunların sadəcə bəziləridir. Trollar üçün əsas məqsəd səhifələrinin aktiv işləməsi və böyüməsidir. Bunu hansı yolla etdikləri isə onlar üçün önəmli deyil. Bir çox hallarda ictimai-siyasi xadimlər, məşhur şəxslər də trolların hədəfinə çevrilir və təhqir kampaniyasının qurbanı olur.

Kibercinayətkarlıq və sosial media

Qeyd etdiyimiz kimi sosial şəbəkələr həyatımıza daxil olandan kibercinayətkarlığın da yeni mərhələsinə qədəm qoyuldu. Artıq daha rahat şəkildə insanlar aldadıla, şəxsi məlumatları ələ keçirilə bilinir. Siz özünüz də fərqində olmadan qarşınızdakı şəxsə şəxsi məlumatlarınızı ötürə, bank hesablarınızdakı pulu öz əllərinizlə onlara təqdim edə bilərsiniz. Ya da son dövrlər populyarlaşan saxta səhifələr vasitəsilə adınızdan istifadə edərək ətrafınıza qarşı bu əməllərini həyata keçirə bilərlər.

Mənfi psixologiya və sosial media

Sosial media uşaq və yeniyetmələrdə mənfi inkişafa səbəb ola bilir. Bu gün sosial şəbəkələrdə uşaqlar üçün nəzərdə tutulmayan, onların inkişafına pis təsir edəcək bir çox ünsürlər fəaliyyət göstərir. Bəzi “blogger”lərin qeyri-etik, kobud davranışları onları izləyən gənc və yeniyetmələr üçün “örnək” təşkil edir. Bir çox hallarda valideynlər bundan xəbərsiz olur, ya da öz rahatlıqları üçün buna göz yumurlar.

Mövzu ilə bağlı psixoloq Ayşən Bayramova bildirib ki, inkişafları davam etməkdə olan uşaqların inkişafına zərər verən faktorlardan biri, sosial media və internetdə zamanın çox keçirilməsidir: "Belə ki, ekrana baxma müddətinin artması uşaqların psixoloji, fizioloji və sosial inkişaflarına neqativ istiqamətdə təsir etməkdədir.

Uşaqlar, gündəlik həyatdan o qədər qopurlar ki, özlərinin sosial media kimlikləri ilə var olduqlarına inanmağa başlayırlar. Belə olan halda isə real dünyada sosial münasibətlər qurmaq yerinə, sosial media dostluqlarına üstünlük verilməyə başlanılır. Sosial əlaqələr, çevrəmizdəki insanların duyğularını anlamaq üçün olduqca önəmlidir. Sosial media və internet üzərindən münasibətlər quran uşaqlar isə empatiya qurmaqda, qarşısındakının nə hiss etdiyini anlamaqda, sözlü və sözsüz ünsiyyət qurmaqda çətinlik çəkə bilirlər. Beləliklə, bir çox sosial bacarığın inkişafı axsamağa başlayır və üz-üzə münasibətləri davam etdirməkdə çətinlik çəkə bilirlər.

Sosial media, həmçinin yaxşı görsənən həyatlarla uşaq və yeniyetmələrin həyatlarına real olmayan mövqedən baxmalarına səbəb ola bilir. Bundan başqa sosial medianın təbliğ etdiyi çarpıq gözəllik standartları, yeniyemələrdə özünə hörməti aşağı salır və anoreksiya nevroza, bədən dismorfik pozuntusu, depressiv pozuntu kimi mental sağlamlıq problemlərinin inkişaf etməsinə səbəb ola bilir. Sosial media platformaları, uşaqların sözlü istismara məruz qalmaları üçün münbit bir sahədir. Digər təhlükəli faktor isə yaşlarına uyğun olmayan cinsəl məzmunlu paylaşımlar, uşaqların cinsi kimlik inkişafına neqativ təsir göstərməkdədir. İnternet üzərində qurulan münasibət və dostluqlarda paylaşılmaması gərəkən informasiya və ya şəkillərin paylaşma halları da təəssüf ki qaçınılmaz vəziyyətlərdən biridir.

Sosial şəbəkələrin mənfi və müsbət tərəfləri haqqında danışan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Ceyhun Musaoğlu bildirib ki, bu şəbəkələrin müsbət tərəfi ondan ibarətdir ki, orada xeyli informasiya bazası var: “Mənfi tərəfi isə ondan ibarətdir ki, bu informasiyaların dəqiqliyini aydınlaşdırmaq çox çətindir. Bu informasiyaların sayının çox olması bəzən insanların beyninə də mənfi təsir edir. Müxtəlif xarakterli informasiyalar birdən qarşımıza çıxdığı üçün insan beynində bir informasiyanın məzmununu emal etməmiş digər informasiya ilə qarşılaşır. Xüsusilə "Tiktok"da bununla tez-tez qaşılaşmaq olur. Burada bir videoya 30 saniyə baxırsan, sonra avtomatik digər videoya keçid edir. Sonrakı videonun məzmunu isə tamamilə başqadır. Təsəvvr edin insan beyni bu qədər informasiyanı qəbul etmək istəyir, amma çox çətinliklə qarşılaşır. Ona görə də yaddaşımızda lazımlı məlumatlar qalmır. Bu mənada mənfi təsirləri çoxdur.

Müsbət təsirləri ondan ibarətdir ki, sən hadisələrdən tez xəbər tutursan. Amma rahat yaşamaq istəyən insan nə üçün hadisələrdən tez xəbər tutmaq istəsin? Buna nə ehtiyac var, bu ona nə qazandıracaq. Sosial şəbəkələrdən yaxşı mənada istifadə etmək olar. Orada öz bacarığını təqdim etmək, öz fəaliyyətini göstərmək mümkündür. Amma ziyanlı tərəfləri daha çoxdur. Oradakı informasiyaların çoxu mənfi xarakterli olduğu üçün insanın əxlaqına, mədəniyyətinə mənfi təsir göstərir. İnsanı milli dəyərlərdən uzaqlaşdıra, bu dəyərlərə zərbə vura bilir. Sosial şəbəkələrin özbaşına olması çox böyük problemdir. Bu bütün cəmiyyət orqanizmini sıradan çıxarır”.

Ekran qarşısında çox vaxt keçirmək əlbəttə ki akademik fəaliyyətdə də öz neqativ təsirini buraxmaqdadır. Belə ki, sosial media paylaşımlarına gələn bəyənmələr və şərhlər beyindəki mükafat mərkəzini hərəkətə keçirərək, dopamin ifarazına səbəb olmaqdadır. Bu isə sosial media hesablarının davamlı kontrol edilməsi və telefona baxmadan vaxt keçirməkdə çətinliyin çəkilməsi deməkdir. Təbii olaraq, diqqətin davamlı yayınması və zamanın səmərəsiz istifadəsi məktəb uğuru üçün təhlükə yaradacaq bir haldır. Valideynlərə uşaqların sosial media istifadəsini bacardıqları qədər gecikdirmələri tövsiyəolunandır. Əgər artıq istifadə baş verirsə, telefon və sosial media istifadəsinə zaman sərhəddi qoyulmalı, uşaqlar virtual aləmin təhlükələri barədə davamlı məlumatlandırılmalıdırlar”.

Buz dağının görünən tərəfi

Bu gün hər birimizin istifadə etdiyimiz internet şəbəkəsi ümumilikdə mövcud olan şəbəkənin sadəcə kiçik bir hissəsidir. Geridə qalan hissə isə yalnız qeyri-leqal yollarla girişin mümkün olduğu “Deepweb” adlanan sistemdir. Bu günə qədər qeyri-leqal fəaliyyətlərin bir çoxu bu sistemdə aparılsa da daha çox kütləyə çata bilmək üçün bu gün gündəlik sosial mediadan istifadə edilir. Ətraflı bir axtarış aparsaq sizin üçün istənilən şeyi oğurlaya biləcək oğru, yaxud istənilən insanı öldürə biləcək qatil tapmaq mümkündür. Başlıqda da qeyd edilən kimi, bu buz dağının yalnız görünən tərəfidir. Sosial media və internet dərinləşdikcə proses mürəkkəbləşir. Hətta siz xəbəriniz belə olmadan daxil olduğunuz səhifədə şəxsi məlumatlarınızı buraxa və kibercinayətkarların qurbanına çevrilə bilərsiniz.

Təklif:

Bizim bu mövzuda təklifimiz bu şəbəkələrdə son dərəcə diqqətli olmaqdır. Sosial şəbəkələr vahid alqoritmlə işləyir. Sadə dillə desək, siz nə axtarsanız onu sizə təqdim edir. Alqoritm sizi izləyir, təhlil edir və sizin istədiyiniz yaxud marağınıza səbəb olacaq paylaşımı təqdim edir. İnsanın yaratdığı sistem bu gün onu idarə etməyə başlayır və biz bunu bilmədən onun maraqlarına xidmət edirik. Buna görə də maksimum dərəcədə daxil olduğumuz səhifələrə, münasibətdə olduğumuz şəxslərə diqqət etməliyik. Burada söhbət yalnız uşaq və yeniyetmələrdən yox, cəmiyyət olaraq hər birimizdən gedir. Çünki statistikaya baxsaq, kibercinayətlərə məruz qalan ortayaşlı şəxslərin nisbəti, heç də uşaq və yeniyetmələrdən geri qalmır. Kiməsə ötürəcəyimiz kiçik bir informasiya ilə şantaja, böhtana məruz qala, yaxud mal varlığınızdan məhrum ola bilərsiniz. Bizim məsləhətimiz odur ki, heç vaxt-heç vaxt deməyin. Unutmayın ki, sonrakı peşmançılıq fayda vermir.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə