"İndi heç qohumluq münasibətləri də ailənin ayaqda qalmasına kömək etmir" - QURUM RƏSMİSİ DANIŞDI

"İndi heç qohumluq münasibətləri də ailənin ayaqda qalmasına kömək etmir" - QURUM RƏSMİSİ DANIŞDI

“Qohum evlilikləri ilə bağlı güclü təblğat işi aparmaq, maarifləndirici videoçarxlar hazırlamaq lazımdır. Qohum evliliklərinin qadağan edilməsi ilə bağlı təklifin irəli sürülməsini müsbət dəyərləndirirəm. Çünki həqiqətən qohum evliliyi kifayət qədər problem yaradır. Baxmayaraq ki nikaha girən şəxslərdən qan analizləri götürülür, yoxlanılır, amma yenə də qüsurlu uşaqlar dünyaya gəlir. Ola bilər ki, nikaha girən əksər şəxslər qohum olduqlarını gizli saxlayırlar”. Bu sözləri SİA-ya açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.

Onun sözlərinə görə, əvvəllər qohum evlilikləri baş tutanda belə münasibətlər tənzimlənirdi və ailə sonadək davam edirdi: “Lakin indiki dövrdə qohumluq münasibətləri də ailələrin ayaqda qalmasına kömək etmir. Zorakılıq, cinayət kimi mənfi hallar baş verir. Bu, onu göstərir ki, qohum evliliyi heç də dayanıqlı və davamlı nikah demək deyil. Bu baxımdan qohum evlilikləri ilə bağlı ciddi tədbirlərin görülməsini vacib hesab edirəm. Qohum evlilikləri ilə bağlı fəaliyyət proqramı hazırlanmalı və onun icrası ilə bağlı ciddi şəkildə nəzarət həyata keçirilməlidir”.

Qohum evliliklərinin qadağan olunmasının yaradacağı fəsada gəlincə isə M.Zeynalova bildirib ki, qeyri-rəsmi nikahların sayı arta bilər: “İnsanlar öz stereotiplərindən imtina etməyəcəklər yaxud hər hansı iki qohum həqiqətən bir-birini sevəcək və qadağaya görə qeyri-rəsmi nikaha girəcəklər. Ona görə də bu təklifi hazırlayanlar daha çox məlumatlandırmağa, insanlara təsir göstərən sosial çarxlara, monitorinqlərə imkan yaratmalıdır. Bu stereotiplər aradan qalxana qədər təbliğat dayanmamalıdır. Həmin təbliğat paketinin içində yarana biləcək fəsadları müxtəlif filmlərdə göstərmək, elmi əsaslarla amma sadə dildə izah etmək lazımdır ki, insanlar anlaya bilsinlər”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə