"Təcili olaraq su qıtlığına uyğunlaşmalıyıq" - EKOLOQ XƏBƏRDARLIQ ETDİ
Qazaxıstan quraqlıq təhlükəsi ilə üzləşib. Azərbaycanda da işğaldan azad olunmuş ərazilərdə çay hövzələrinin qurumaqda olduğu bildirilir. Ümumiyyətlə quraqlıq olma ehtimalı varmı? Mövzu ilə bağlı SİA-nın suallarını ekoloq Rövşən Abbasov cavablandırıb.

Onun sözlərinə görə, Azərbaycanda çayların quruma prosesi son 15-20 ilin ən təhlükəli proseslərindən biridir: “Ölkəmiz iqlim dəyişmələrinin qorxunc təsirləri ilə qarşılaşır. İqlim dəyişmələri ilə mübarizə müxtəlif vasitələrlə gedir. Burada mübarizə dedikdə atmosferdə karbon qazının azaldımasını nəzərdə tuturam. Eyni zamanda biz su qıtlığına təcili olaraq uyğunlaşmalıyıq. Getdikcə əkin sahələrini tədricən azaltmalıyıq ki, çaylarımızdan daha az su götürək. İqtisadiyatımızı elə qurmalıyıq ki, sudan daha az istifadə edilən iqtisadiyyat olsun. Paralel olaraq həm kənd təsərrüfatında, həm də içməli su sektorunda su itkilərini azaltmaq lazımdır. Su itkilərinin azaldılması bizim yeganə çıxış yolumuzdur. Bu da ondan keçir ki, biz köhnə suvarma üsullarından tədricən imtina etməli, yeni üsullar tətbiq etməli, torpaq əsaslı kanallarımızı bərpa etməli, onları beton əsaslı kanallara yaxud borulara keçirməliyik. Bu proses illərin prosesidir. Hətta buna indi başlasaq da bəlkə də bir neçə on il vaxt aparar, amma buna başlamaq lazımdır”.
Ekoloq bildirib ki, bəzi prosesləri daha sürətli şəkildə həyata keçirmək olar: “Məsələn suvarılan ərazilərin azaldılması bir neçə il içərisində baş verə bilər. Xüsusilə qış otlaqlarının qorunması baxımından suvarılan ərazilərin azaldılması çox vacibdir. Çünki qış otlaqları da heyvandarlığın inkişafına təkan verən amildir. Bu dolayı yolla su qıtlığına da təsir edir. Biz taxıl istehsal edib onu xaricə satıb əvəzində ət almamalı, onsuz da iqlimə dayanıqlı olan, kifayət qədər təcrübəyə malik heyvandarlarımızı qorumalıyıq ki, ət idxalından asılı olmayaq və bunun müqabilində daha az torpaq suvaraq.”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB