Media xəbəri insanlara necə çatdırmalıdır? - EKSPERT AYDINLIQ GƏTİRDİ
“Mətbuat təəssüf ki, sosial şəbəkələrin sürətinə çata bilmir. Çünki sosial şəbəkələr dəqiqləşdirilməmiş informasiyalar yaya bilirlər. Amma mətbuat dəqiqləşdirilməmiş heç bir məlumatı yaymaz. Sosial şəbəkələrdə yayılan yanlış informasiyaların qarşısının alınmasında isə mətbuatın da rolu olmalıdır. Belə ki, mətbuat yayılmış dezinformasiyanın daha doğru variantını tapmalı, emal etməli və xəbəri dəqiqləşdirərək yenidən yaymalıdır”. Bu sözləri SİA-ya açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü Ceyhun Musaoğlu deyib.
O bildirib ki, hansısa məktəbdə və ya obyektdə “bomba” qoyulması ilə bağlı sosial şəbəkələrdə xəbərlər yayılır: “Media bu xəbərdən sonra dərhal adıçəkilən əraziyə getməli, məsələni araşdırmalı, polislə danışmalı və sürətli şəkildə dəqiq xəbəri insanlara çatdırmalıdır. Media elə özünün sosial şəbəkə hesabından sürətli şəkildə yanlış yayılmış xəbərə cavab verə bilər. Çünki medianın xəbəri hazırlaması, redaktorun baxması və s. uzun zaman tələb edir. Lakin media öz sosial şəbəkə hesabından bu cür hallar yaşandıqda dərhal məsələni araşdıraraq, xəbər yayımlaya bilər. Medianın bu şəkildə yanlış xəbərlərlə mübarizə aparmaq kimi imkanları mövcuddur və bu imkanlardan düzgün, zamanında istifadə etmək vacibdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB