“İnternetə qarşı mübarizə aparmaq küləklə döyüşməyə bənzəyir" - SOSİOLOQ MÜNASİBƏT BİLDİRDİ
“Artıq həyat tərzi dəyişib. İnsanlar fəaliyyətlərini, ünsiyyətlərini, münasibətlərini internet üzərindən qururlar. İndi rəqəmsal cəmiyyət formalaşır və bu cəmiyyətdə daha çox virtual ünsiyyət üstünlük təşkil edir. İnsanlar real ünsiyyətdən çox virtual ünsiyyətə üstünlük verirlər. Bununla yanaşı fəaliyyətlərini də internetə daşıyırlar”. Bu barədə SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.
Onun sözlərinə görə, bu gün fəaliyyətlər daha çox sosial şəbəkələr üzərindən aparılır. Bu həm də özünü oyunlarda göstərir: “Bütün oyun proqramlarının hamısı artıq internet üzərindən aparılır və insanlar özlərini daha rahat hiss edirlər. Bunun əlbəttə müsbət və mənfi tərəfləri var. Məsələn biz oyun zallarında şahid olurduq ki, mühit bərbad vəziyyətdədir. Bir çox zallarda siqaret, spirtli içkilər hətta yeniyetmə və uşaqlar üçün uyğun olmayan şəraitin şahidi olurduq. Bu zaman yeniyetmə və uşaqlar üçün mənfi sosiallaşma prosesi gedirdi, onlar neqativ adaptasiyaya məruz qalırdılar. Virtual oyunlar o baxımdan yaxşıdır ki, orada bu mühit yoxdur. Digər tərəfdən də bu oyunlar insanları özünə çəkir. İnsanlar isə bunu bir növ komfort kimi görür. Heç yerə getmədən maşında, parkda və digər yerlərdə qoşulur və bu oyunları oynayırlar. Bunun üçün ayrıca bir məkana gedib pul ödəmək tələb olunmur. Buna görə də insanlar daha çox virtual oyunlara üstünlük verir. Bu dövrün tələb etdiyi şəraitdir. İnsanlar digər sahələrdə olduğu kimi “asudə vaxt” oyunlarını da məhz internet üzərindən həyata keçirirlər. Bu zamanın adı “Rəqəmsal cəmiyyət əsri”dir. Biz də bütün fəaliyyət növlərinin, hətta işdən kənar proseslərin bu sistemdə aparılmasına təəccüblənməməliyik. Ancaq maksimum çalışmalıyıq ki, bu dövrün imkanlarından istifadə edək”.
Sosioloq bildirib ki, uşaqları, yeniyetmələri, psixologiyası bərkiməmiş övladlarımızı bunlardan qorumalıyıq: “İnternetə qarşı mübarizə aparmaq küləklə döyüşməyə bənzəyir. Ancaq küləkdən qorunmağın yolu da var. Bu yol odur ki, evimizin qapısını, pəncərəsini, tavanını möhkəm tutmaqdır. Eləcə də rəqəmsal cəmiyyətdə də belədir. Sosial şəbəkələrdən elə istifadə etməliyik ki, o bizim daxili harmoniyamızı, sağlam sosiallaşma mühitimizi korlamasın, ailə düzənimizə xətər yetirməsin. Bunun üçün sosial şəbəkə resursları üzərində pozitiv müdaxilə imkanları, hüquqi tənzimləmə mexanizmləri olmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB