"Qorxu getmir, ona olan münasibət dəyişir" - PSİXOLOQ İZAH ETDİ

"Qorxu həmin anda təbii olaraq bizə bir stress, həyəcan yaşadır". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib.

Psixoloq bildirib ki, qorxunun miqyasından asılı olaraq bizim yaddaşımızda həkk olunur: "Burada bizim bildiyimiz adi yaddaş deyil, şüuraltımıza, ruhumuza, stress davamiyyətimizə təsir göstərə biləcək qədər hisslər olur. Bu, istər-istəməz insanın yaddaşında qalır. Davamlı olaraq insandan insana fərqlənir. Bəzi insanlar ona oxşar hadisələri gördükdə, həmin hadisəyə aid hansısa sözlər eşidəndə, fraqmenti və o insanları görəndə, təbii ki, ona bənzər hisslər yenidən oyanır. Bu, stress sonrası olan travmalardır. Hər insan öhdəsindən gəlməlidir, ən azından sağlam həyat yaşamaq üçün. Çünki qorxular bizim həyatımıza deyil, ətrafımızdakı insanlara da birbaşa təsir edir. Məsələn, valideynin travma, qorxusu varsa, uşağa da ötürür. Əgər valideyn uşaq vaxtı it tərəfindən dişlənilibsə, bu onda qorxu yaradıb. Hətta valideyn olandan sonra da uşağa itlərin qorxulu olduğunu deməsə də, hərəkətlə şüuraltı nümayiş etdirdikdə uşağa da qorxunu ötürür. Uşaqlar bizi müşahidə edirlər, ötürdüyümüz siqnalları dərhal ala bilirlər. Ona görə özümüzə, digər insanlara zərər verməmək, həyat keyfiyyətini pisləşdirməmək üçün qorxularımızın öhdəsindən gəlməliyik".

Onun sözlərinə görə, həm yaşadığımız, həm də duyduğumuz, fərz etdiyimiz qorxular var. Əvvəl bunların kökünü öyrənirik. İnsanın öz-özünə öyrənməsi çətin olur, peşəkara müraciət etməsi daha düzgündür. Qorxu ilə üzləşmək lazımdır, qorxunun ən pis variantını düşünmək lazımdır. Qorxu getmir, ona olan münasibət dəyişir. Artıq həyəcan və təşviş mövzusu olmur. Təhlükə hər zaman var. Təhlükə bildiyimiz hər şeydən qorxsaq, yaşamağımız nə qədər çətinləşər? Təhlükəni gözə almaq, həyatı sevmək başqa şeydir, qorxu ilə yaşayıb onu ötürmək, böyütmək çox ağır duyğulardır. İnsanlara da tövsiyə edərdim ki, belə problemləri varsa, çalışıb öhdəsindən gəlsinlər. Kənardan problem kimi görünməyə bilər, amma qorxu ilə yaşayan insanlar bilir ki, qorxu gündəlik həyat tərzinə nə qədər mane ola bilir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə