Yel çərşənbəsini necə qarşılayırıq? - SORĞU

Yel çərşənbəsini necə qarşılayırıq? - SORĞU

Bu gün Novruzun üçüncü çərşənbəsi - Yel çərşənbəsidir. Dünyanın yaranmasında iştirak edən üçüncü ünsür hava olduğundan, Yel çərşənbəsi adlanır. Bu çərşənbə xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çər­şənbə”, “Yelli çərşənbə”, “Külək çər­şənbəsi” kimi də tanınır. Yel çərşənbəsində əsən küləklər yazın gəlişindən, Novruzun yaxınlaşmasından xəbər verir. Bu gün, adətən, tonqallar qalanır, südlü plov və ya bulğur bişirilir. SİA olaraq şəhər sakinlərinə "Yel çərşənbəsini, Novruzu necə, hansı əhval-ruhiyyə ilə qarşılayırlar?" sualı ilə müraciət etdik.

Şəhər sakini Günel Mustafayeva: "Hər il Novruz bayramını, çərşənbələri təmtəraqla qeyd edirik. Bunu da vurğulayım ki, 2020-ci ildən Novruz Qarabağda qeyd olunur. Bu da mənim üçün çox xoşdur. Arzum budur ki, mən də Qarabağda çərşənbələrdən birini keçirim. İnşallah bu arzum həyata keçər. Atamla birlikdə getmək istəyirəm, çünki atam Qarabağ qazisidir. Biz hər çərşənbədə tonqal qalayırıq. Uşaqlarımız da sevinir. Milli adət-ənənələrimizi başqa ölkələrdə də təmsil edirik. Xarici ölkələrdən gələn insanlara da bunu çatdırırıq ki, bizim belə gözəl bayramımız var. Səməni cücərdirik, yumurta boyayırıq, qulaq falına çıxırıq, uşaqlar papaq atırlar. Əvvəllər biz atırdıq, indi uşaqlarımız eyni həyəcanı yaşayırlar".

Şəhər sakini Aysu Əhmədli: "Mən Şəmkir rayonundanam. Tələbəyəm. Novruz bayramında rayona gedəcəm. Tələbə olduğum üçün çərşənbə olsa da, stolun üstündə heç nə yoxdur. Novruz adətlərinə gəldikdə isə müəyyən yaş dövrünə qədər papaq atmışam, qapı pusmuşam. Rayonda süfrəyə şəkərbura, paxlava, səməni, qoz-fındıq qoyuruq. Ən sevdiyim bayram isə Novruz bayramıdır".

Şəhər sakini Nəzrin Hacızadə: "Novruzu xoş əhval-ruhiyyə ilə qarşılayıram. Çərşənbələri, Novruzu həmişə yaxşı qeyd etmişik. Şirniyyatlar, plov bişir, tonqal qalayırıq. Sevdiyim bayramlardan biridir. Yel çərşənbəsi üçün fərqli adətimiz yoxdur. Əsasən od çərşənbəsində tonqal qalayırıq. Biz bu il hələ ki, tonqal qalamamışıq. Yəqin ki, axırıncı çərşənbədə qalayarıq. Papaq atırıq, qapı pusuruq, fallara baxırıq, yumurta döyüşdürürük".

Şəhər sakini Gülmayə Həsənova: "Novruzu, onun çərşənbələrini çox gözəl qarşılayırıq. Həvəslə gözləyirik ki, bizim ən gözəl bayramımız gəlsin. Süfrəyə hər nemətdən qoyuruq. Səməni cücərtmişəm, onsuz olmaz. Yel çərşənbəsi bu gündür. Tonqal qalamalıyıq. Əslində bütün çərşənbələrdə tonqal qalayırıq. Paxlava, şəkərbura, qoğal, plov bişiririk. Bizə çox papaq atır uşaqlar. Biz də həvəslə gözləyirik. Bunun üçün xüsusi hazırlaşıram ki, papağa nə qoyacam. Uşaqlar sevinsinlər. Mən çox xoşlayıram. Qapı pusmaq çox xoşuma gəlir. Xalqımıza xoş günlər arzu edirəm, qoy həmişə Novruz gəlsin. İndi Novruz Qarabağda da qeyd olunur. Televiziyada izləyirəm, yenidənqurma işləri aparılıb. Ürəyim açılır. Nə gözəl oldu ki, Qarabağ qaradan işıqlı günlərə çıxdı. Prezidentimiz, xalqımız çox sağ olsun".

Şəhər sakini Aysel Qasımova: "Artıq Qarabağda da Novruz bayramı keçirildiyi üçün ayrıca sevinc hissi keçirirəm. Çərşənbələrdə, Novruz bayramında hər il olduğu kimi sevinirəm, içimdəki uşaq ölməyib. Bir müddət Türkiyədə yaşamışam, ona görə də Novruz bayramını Bakıya gələndən sonra bakılıların adətləri kimi qeyd etmişəm. Papaq atırıq, qapı pusuruq, fala baxırıq. Süfrəyə şəkərbura, paxlava, qoğal, qoz-fındıq və yumurta qoyuruq. Səmənini Novruzun ilk çərşənbəsində əkmişəm, hələ də cücərməyib. İndi Yel çərşənbəsidir. Burada məntiqi ardıcıllıq var. Birinci od, sonra su oyanır, dağlarda buzlar əriyir, sonra havalar qızır, sonda da torpaq oyanır".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə