Saxta səhifələrə qarşı mübarizə NECƏ APARILMALI? - VƏKİL AÇIQLADI

Saxta səhifələrə qarşı mübarizə NECƏ APARILMALI? - VƏKİL AÇIQLADI

Bəzən sosial mediada müxtəlif şəxslər adına saxta səhifələr açılır və onların tanışlarından pul toplanır. Bəs, vətəndaşlar başlarına bu kimi hallar gəldikdə nə etməlidirlər?

Məsələ ilə bağlı SİA-ya açıqlama verən Azərbaycan Vəkillər Kollegiyasının üzvü Toğrul Məmmədov bunları deyib: “İlk əvvəl onu qeyd edim ki, əlbəttə daha yaxşı olardı ki, vətəndaş pulu verməzdən əvvəl kiçik bir araşdırma aparsın. Sualdan görünür ki, pulu istəyən tanışıdır. Sosial şəbəkə üzərindən gələn mesajın həmin tanış tərəfindən yazılmasını onun məlum olan digər əlaqə vasitələri ilə dəqiqləşdirilsin. Yox əgər bunları etməyib artıq pulu vermisiniz və sonradan aldadıldığınızı bilmisinizsə deməli bu zaman artıq siz fırıldaqçının qurbanı olmusunuz”.

Onun sözlərinə görə, birinci məsələ saxta hesab açan şəxsin məsuliyyəti barədədir: “Saxta profil sahibi kimisə təhqir etdiyi, şərəf və ləyaqətini alçaltdığı, cinayət qanunvericiliyi ilə nəzərdə tutulan digər əməlləri törətdiyi halda cinayət məsuliyyətinə cəlb olunur.Bu kazusda ehtimal olunan iki cinayətdən söhbət gedə bilər. Dələduzluq və ya hədə-qorxu ilə tələb etmə.

- Dələduzluq ən çətin sübuta yetirilən cinayətlərdəndir. Çünki dələduzluq edən, zərərkəmişin pulunu hər hansı bir fiziki zor tədbiq etmədən mənimsəyir. Əsasəndə əgər bunu sənin yaxşı tanıdığın birinin adından istifadə edirlərsə. Burada Sizdən alınan məbləğdə həmin şəxsin məsuliyyət məsələsinə təsir göstərir. Məbləğ, şəxsin İnzibati və ya Cinayət məsuliyyətinə cəlb olunmasına təsir edəcək”.

Vəkil bildirib ki, vurulan ziyan 500 manata qədərdirsə, dələduz inzibati məsuliyyətə cəlb ediləcək və bu əmələ görə barəsində ən ağır cəza kimi 3 ayadək inzibati həbs tətbiq edilə bilər: “Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə dələduzluqdur. Əgər məbləğ 500 manatdan yuxarıdırsa bu zaman-şəxsi 1000 manatdan cərimədən işi hallarına görə, 14 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzası gözləyir. Əgər şəxs pulu hədə-qorxu gəlməklə tələb edibsə bu zaman cəza daha ağır ola bilər. Məbləğdən asılı olmayaraq. Cinayət Məcəlləsinin 182-ci maddəsinə əsasən Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə üç ildən on yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu cinayətlərin istintaqı Daxili İşlər Nazirliyinin orqanlarında aparılır. Bu səbəbdən qeyd olunan cinayətlə qarşılaşan vətəndaşlar Daxili İşlər Nazirliyinə müraciət etməlidir”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə