İftar süfrəsi necə olmalıdır? - ŞƏRQŞÜNAS AÇIQLADI

İftar süfrəsi necə olmalıdır? - ŞƏRQŞÜNAS AÇIQLADI

“Bu ay zəngin insanların fəqirlərlə yardımlaşması üçün bir fürsətdir. Bu ay onlara növbəti Ramazana qədər öz ailələrinin, övladlarının, mal və mülklərinin zəmanəti üçün imkan yaradır. İmkanlı şəxslər yardımlaşma aksiyalarına qoşula bilərlər. Ancaq iftar süfrələrində haqq sahiblərini dəvət etmək imandandır. Məsələn, Heydər Əliyev Fondu nizamlı şəkildə bölgələrdə iftar süfrəsi təşkil edir. Bu məclislərə şəhid ailələri, imkansızlar və oruc tutan şəxslər dəvət olunur". Bu sözləri SİA-ya danışan şərqşünas Seyid Camal Əzimbəyli deyib.

Onun sözlərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nəzdində yaradılan Mənəvi dəyərlərin təbliği fondu bölgələrdə bu cür süfrələr açır və ehtiyacı olan, eyni zamanda oruclu insanları dəvət edirlər: "“Yeni Üfüq” İctimai Birliyi də hər gün düzənlədiyi iftar süfrələrində şəhid, qazi ailələri ilə bir yerə toplaşır. Hər gün küçələri təmizləyən qadınlara sübh vaxtı içərisində ərzaq olan paketlər verilir. Bu üsullarla vətənimizin, özümüzün bəla və müsibətlərdən qorunması üçün addım atmış olarıq. Ola bilər ki, süfrədə 50 adamdan ikisi oruc tutmasın. Lakin masa ətrafındakı söhbətlər onların dini duyğularının oyanmasına, hətta niyyət edib oruc tutmasına səbəb ola bilər".

Şərqşünas əlavə edib ki, təhlükəli məsələ iftar süfrəsindəki şəxslərin əksəriyyətinin oruclu olmamasıdır: "Burada həm də qul haqqı məsələsi var. Burada birinci məsuliyyət iftara dəvət edənin üzərinə düşür. İkinci məsələ dəvət edilənin üzərinə düşən məsuliyyətdir. Həmin şəxslər dəvət zamanı oruclu olmadığını əsas gətirərək imtina edə bilərlər. Gün ərzində ac, susuz qalan, çətinliyə dözən şəxsin əvəzinə haqqı olmayan şəxsin süfrədə oturması doğru deyil. İnsan özü həmin süfrədə oturmağı nə qədər haqq etdiyini düşünməlidir”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə