"Parkinq xatirinə yolun hərəkət hissəsindən istifadə etmək düzgün deyil" - EKSPERT BİLDİRDİ

"Parkinq xatirinə yolun hərəkət hissəsindən istifadə etmək düzgün deyil" - EKSPERT BİLDİRDİ

28 may metrostansiyasının qarşısına avtomobillərin girişi qadağan edilib. Bəs gəlin görək, bu həmin ərazidəki avtomobil sıxlığına necə təsir edəcək? Şəhərin digər hansı küçələrində bu kimi qadağalara ehtiyac var? SİA olaraq mövzu ilə bağlı nəqliyyat eksperti Fərhad Eyyubovun fikrini öyrəndik.

Onun sözlərinə görə, böyük şəhərlərdə elə meydanlar olur ki, orada avtomobil saxlamaq üçün şərait olur: “Həmin ərazidə avtomobillərin saxlanması ictimai nəqliyyatın hərəkətinə mane olduğu üçün bu məsələ ortaya qoyulub. Şəhərin Baş Planında avtomobillər üçün dayanacaqlar qeyd edilməlidir. Əhalinin rahatlığı üçün şəhərin bir sıra mərkəz küçələrinə də avtomlobillər buraxılmır. Gələcəkdə bunun şəhər nəqliyyatına necə təsir edəcəyini dəqiq deyə bilmərəm. Müəyyən müddətdən sonra bu məsələlərlə bağlı analiz aparılır və konkret məsələlər müsbət həllini tapırsa, proses davam etdirilir. Yox əgər müəyyən maneələr yaranırsa lazımi düzəlişlər edilir”.

Ekspert bildirib ki, bunlar birdən-birə həll oluna bilən məsələlər deyil: “Nəqliyyat problemləri kompleks şəkildə bir-birindən asılıdır. Müəyyən addımlar nəzərdə tutulur və atılır. Amma açıq deyim ki, bu addımların gələcəkdə nə qədər effektli olması dəqiq deyil. Parkinq məsələsi bir sıra problemlər yaradır, sərnişindaşıma axsayır. Burada bir sual yaranır, hansı daha üstündür? Bakı şəhərinin bütün meydanlarının problemləri parkinq məsələsi ilə həll olunarsa bu səfər də digər məsələlər həllini tapmır”.

F.Eyyubov əlavə edib ki, yolların hərəkət hissəsində parkinq edən sürücülər hərəkətə maneçilik törədir: “Yolda hərəkət zolağı ikidən çoxdursa onlardan birini parkinq üçün istifadə etmək olar. Amma cəmi 2 hərəkət zolağı varsa və onlardan biri parkinq üçün istifadə edilirsə bu artıq tıxaca səbəb olur. Bəzi yerlərdə ikizolaqlı yolların bir zolağı parkinq üçün ayrılıb və yol bir istiqamət üçün nəzərdə tutulub. Bu düzgün deyil, yollar parkinq üçün deyil. Asfalt yollar əsasən hərəkət üçün nəzərdə tutulub. Heç kimin ixtiyarı yoxdur ki, yolların asfalt hissəsini parkinqə çevirib oradan pul qazansınlar. Yollar yenidən sxemləşdirilməli, analiz aparılmalı, hərəkət təmin edilməli, təhlükəsizlik təmin olunmalıdır. Ondan sonra parkinq məsələləri mümkündürsə, digər məsələlərə mane törətmirsə, bunu həyata keçirmək olar. Amma parkinq xatirinə yolun hərəkət hissəsindən istifadə etmək düzgün deyil. Sözügedən ərazidə də parkinq ictimai nəqliyyatın hərəkətinə mane olduğu üçün indi ləğv edilib. Bu işlərə müxtəlif istiqamətlərdən yanaşmaq lazımdır. Şəhərin mərkəzində kifayət qədər dar yollar var. Bu yolların hər iki tərəfi parklanma üçün nəzərdə tutulub və buna görə də hərəkət üçün çox dar bir yol qalıb. Bu qadağa eyni zamanda bəzi insanların narazılığına səbəb olacaq. Çünki bir tərəfdən üstünlük qazanılsa da hər zaman digər tərəf ona narazılıq göstərir”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə