İnsan həyat eşqini necə geri qaytarmalıdır? - PSİXOLOQ ŞƏRH ETDİ

İnsan həyat eşqini necə geri qaytarmalıdır? - PSİXOLOQ ŞƏRH ETDİ

"İnsanların həyat eşqi başlarına gələn müəyyən hadisə, travma, keçirdikləri həyat tərzi ilə əlaqədar olaraq enə bilir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Psixoloq bildirib ki, bəzən həyat eşqi dediyimiz müəyyən hadisəyə bağlı olur, nəyinsə olmasını gözləyirlər, gözlənilən olmursa, həyat eşqi sönür: "Yaxud da itki yaşayırlar. Amma xoşbəxtlik və kədər hissini yaşayıb hiss edə bilməmək həm nevroloji, həm psixiatrik, həm də psixoloji problem ola bilir. Biz psixoloji tərəfdən yanaşsaq, burada insanın xoşbəxt ola bilməməsi, ya da həddindən artıq hər şeyi olması, özü üçün zövq ala biləcək bir şey tapa bilməməsi ilə əlaqədardır. Hədəfi, məqsədi yoxdur. Yaxud da, güclü psixoloji travma alıb ondan sonra nə xoşbəxtlik, nə də kədər hissini yaşaya bilmir.

Bunu psixoloji olaraq analiz etsək, anlayırıq ki, "insan həyat eşqini itirdikdə onu necə bərpa edə bilər?" sualını özünə verməlidir. "Onu nə xoşbəxt edir?" Bu suala cavab tapmalıdır. Ətrafdakılar, doğmalar yardım edə bilərlər. Əlbəttə ki, günahlandıraraq yox, onun yanında olaraq, sevdiyi şeyləri ona aşılayaraq, bərabər fəaliyyət edərək həmin insana kömək edə bilərlər. İnsan həyat eşqini artırmaq üçün mütləq fəaliyyətdə olmalıdır. Çox vaxt işləməyən insanlarda həyat eşqi tez-tez dəyişir. İşləyən insanlar daha həyat eşqi ilə yaşayırlar. Çünki müəyyən məqsədləri olur, o məqsədlər uğrunda çalışırlar".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə