"Qadınlarımızın dəyərini hər gün bilməliyik" - MÜNASİBƏT BİLDİRİLDİ
"8 Mart Beynəlxalq Qadınlar Günüdür". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.

Sosioloq bildirib ki, bu günün başlamasının əsası siyasi, ideoloji əsaslarla qoyulub: "Bu bayram 20-ci əsrin əvvəllərindən başlayaraq qeyd olunub, sonradan böyük hərəkat halına gəldi. Əvvəlcə ABŞ-da 1908-ci ildə, 1910-da Almaniyada böyük hərəkat şəklində baş verib. Qadınların hüquq, azadlıqları ilə bağlı çıxış edib həmin günü Beynəlxalq Qadınlar Günü kimi elan olunması irəli sürüldü. Sonradan bolşevik və solçular, formalaşmaqda olan sosialist düşərgə tərəfindən cəlbedici oldu. Çünki qadın həm də böyük toplumdur. Bu siyasi, ideoloji baza kimi kimlərəsə lazım idi. Siyasi baxımdan bu hərəkat lazım olduğuna görə Sovet məkanına da geniş nüfuz etdi. Beləliklə də, böyük hərəkat halına gəldi.
8 Mart Beynəlxalq Qadınlar Günü məsələsi ideoloji və siyasi əsaslarla yaranmışdı. Əfsuslar olsun ki, bu gün də 8 Mart Qadınlar Günündən bəzən feministlər istifadə edirlər. Əslində qadınlar və kişilər günü deyilən günün ayrıca gün kimi qeyd olunmasına lüzum yoxdur. Çünki hər gün insan günüdür, insanlar öz dəyərlərini bilməlidirlər. Fərqi yoxdur ki, qadın, uşaq və kişidir. Hər gün insan üçün dəyərlidir. Ancaq bunun belə formalaşmasının siyasi əsasları oldu. İşbazlar, müxtəlif məqsədlər güdən iş adamları Qadınlar Günü, bu tipli bayramları iqtisadi divigentlər əldə etmək üçün istifadə edirlər. Çünki belə bayramlarda onların satış imkanları artır. Baxmayaraq ki, siyasi və ideoloji əsasla ortaya atılmış bayram idi, sonradan da feministlər bundan istifadə edirlər. Bunu qadın hüquq, azadlıqları niqabına bürünərək daha aqressiv qadın hərəkatı, bəzən də kişilərə nifrət kimi nümayiş etdirirlər. Qadınların daha çox səlahiyyətləndirilməsi və ana xaqanlığa gətirib çıxarmasını görürük. Bütün cəmiyyətlərdə olduğu kimi bizim cəmiyyətimizdə də bu hərəkatın təsirlərini hiss edirik. Televiziya verilişlərində, müxtəlif platformalarda bu özünü göstərir. Hesab edirəm ki, biz 8 Marta kütlə psixologiyası ilə yanaşmalı deyilik. Biz çalışmalıyıq ki, insanlara hər gün dəyər verək".
"Əsas insan faktorudur. İnsan olaraq bir-birimizə dəyər verməyi bacarmalıyıq. Bizim ana, bacı, həyat yoldaşlarımız dəyərlidir, kişilər də qadınlar üçün dəyərlidir. Bu baxımdan qadın və kişi fərqliliyi ilə ayrı cəbhələr yaratmaq olmaz. Söhbət insan fiqurundan gedir. Bizim cəmiyyətimizdə həm cəmiyyət, həm də konstitusiya üzrə ayrıseçkilik qoymadan bərabər hüquqla təmsil olunurlar. Həmişə Azərbaycan cəmiyyəti qadına hörmətlə yanaşıb. Azərbaycan şərqdə ilk demokratik respublikadır. Qadına seçki, səsvermə hüququ verən ölkə kimi bir sıra Avropa ölkələrinə örnək olub. Azərbaycanda qadına seçki hüququ veriləndə Avropa ölkələrində seçki hüququ verilmirdi. Qadınlar kölə kimi istifadə olunurdu. Azərbaycanda qadınlar həmişə kişi ilə bərabər çiyin-çiyinə çalışıb, kişinin silahdaşı olub. Bu baxımdan bəzən Qərbdən, Avropadan feminist dalğa təsiri ilə Azərbaycana da gender bərabərliyi ilə bağlı saxta, yalançı ittihamlar irəli sürülür. Halbuki Azərbaycanda gender bərabərliyi yüksək səviyyədə təşkil olunur. Azərbaycanda qadınların bütün sahələrdə uğurlu həyat hekayələri var. 8 Marta birmənalı qiymət vermək çətindir. Bu daha çox kişi və qadın qarşıdurması fonunda körüklənir. Biz bu məsələyə bir az həssas yanaşmalıyıq. 8 Marta görə qadınları deyil, öz qadınlarımızın hər gün dəyərini bilməliyik. Azərbaycan qadını tarix yazan, imzası dünya imzaları içində olan xanımdır. Həm elmi cəbhədə və bütün istiqamətlərdə Azərbaycan qadını sözünü deyib. Güman edirəm ki, biz təkcə 8 Marta görə deyil, hər gün qadına dəyər verməliyik. Azərbaycan ziyalıları qadın haqqında dəyərli əsərlər yaradıblar. Bizim dinimizdən də irəli gələn "cənnət anaların ayaqları altındadır" deyimi təsadüfi deyil. Bizdə ana, qadın statusuna hörmətlə yanaşılır.
8 mart BMT tərəfindən Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur, biz də buna hörmətlə yanaşırıq. Ancaq siyasi, ideoloji tərəflərinin fərqində olmalıyıq" - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB