"Dövlətin qanunlarına tabe olmaq hər bir vətəndaşın borcudur" - MÜNASİBƏT BİLDİRİLDİ

"Dövlətin qanunlarına tabe olmaq hər bir vətəndaşın borcudur" - MÜNASİBƏT BİLDİRİLDİ

Toplum TV-nin ofisində əməliyyat aparılıb. Bundan əvvəl də "Abzas Media"da əməliyyat keçirilmiş, bir sıra həbslər olmuşdu. Bunların fonunda "azadlıq" tələb edən media qurumlarının çıxışları özünü göstərməyə başlayıb. Mövzu ilə bağlı SİA-ya danışan media eksperti Azər Həsrət bildirib ki, dövlətin bu vəya digər şəkildə istənilən qurumda, o cümlədən media qurumlarında bu cür araşdırma aparmaq hüququ var.

Onun sözlərinə görə, bununla bağlı ciddi narahatlıq keçirməyə ehtiyac yoxdur: “Kiminsə fəaliyyəti şəffafdırsa, maliyyə mənbələri açıqdırsa, bütün maliyyə fəaliyyətləri qanun çərçivəsindədirsə, onlar bu cür araşdırmalardan qorxmamalı, çəkinməməlidirlər. Dövlətin qanunları var, o qanunlara boyun əymək, tabe olmaq hər bir vətəndaşın, o cümlədən də tənqiqçilərin, müxaliflərin borcudur. Əgər dövlət konkret qaydalar qoyubsa, şərtlər qanunlarla bərkidilibsə, o qanunlar çərivəsində də işləmək lazımdır. Ola bilər ki, nədənsə xoşunuz gəlməyə, yaxud hansısa qanun sizi qane etməyə bilər, amma bu heçnəyi dəyişmir. Qanun qanundur, onu bəyənib-bəyənməməyimizdən asılı olmayaraq biz o qanunlar çərçivəsində işləməliyik”.

Müsahibimiz bildirib ki, sözügedən media qurumlarında aparılan araşdırma ilə bağlı istintaqın nəticəsini gözləməyin tərəfdarıdır: “İndidən lehinə yaxud əleyhinə qərar verə bilmərik. Çünki biz gerçəyin nə olduğunu məsafədən müəyyənləşdirə bilmərik. Bu istintaqın işidir. Araşdıracaqlar, nəticə bəlli olacaq. Əlbəttə ki, iddiaçı tərəflər araşdırmanın aparıldığı tərəf öz sübut və dəlillərini ortaya qoyacaq. Burada narhatlıq üçün ciddi əsas görmürəm. Bu baxımdan düşünürəm ki, bu cür məsələlərə ümumiyyətlə təmkinli yanaşmaq lazımdır. Bir qədər səbrlə müvafiq dövlət qurumlarının araşdırmalarının nəticələrini gözləmək işin xeyrinə olardı”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə