İntihara meyilli birinə heç vaxt hansı sözləri deməməliyik? - PSİXOLOQ AÇIQLADI
“İntihar və ya özünəqəsd — qəsdən insanın özünün ölümünə səbəb olan çox mürəkkəb qlobal bir fenomendir. İntihar hallarına dünyanın bütün ölkələrində və müxtəlif yaş qruplarında rast gəlinir. Səbəblərinə isə psixoloji, bioloji, sosioloji, ailə-məişət faktorları və genetik problemlərin olması kimi halları aid etmək olar. Əsasən intihar halları böhranlı anlarda - maddi problemlərə, şəxsi münasibətlərin qırılmasına və ya xroniki ağrı və xəstəliklərə dözə bilməyəndə baş verir
Son dövrlərdə məktəblilər, yeniyetmə və gənclər arasında özünə qəsd hallarına daha çox rast gəlinir. Bu yaş dövrlərində intiharın əsas səbəbləri özünəqapanma, artıq informasiyaya sahiblənmək, gün boyu ünsiyyətdən qaçmaq, bir sözlə, özünü cəmiyyətdən təcrid etməkdir”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetin müəllimi, psixoloq, pedaqoq Günel Allahverdiyeva deyib.

Onun sözlərinə görə, intihar edən şəxs bunu törətməmişdən öncə mütləq bu barədə danışır, sanki mesaj verir, onu bu fikirdən daşındırmaq üçün səbəb axtarır: “Diqqət etmisinizsə, intihar hadisələrindən sonra yaxınları bununla bağlı mütləq bir-neçə fakt söyləyə bilir. Buradan belə nəticəyə gəlmək olar ki, əslində, intihar etmək istəyən şəxs eyni dərəcədə həm yaşamaq, həm də ölmək istəyir, sadəcə olduğu vəziyyətdən çıxış yolunu tapa bilmir. Bu səbəbdən də, çox zaman, intiharlar aşkar şəkildə, hamının görə biləcəyi yerlərdə törədilir. İntihar edən şəxs bir növ “olum ya ölüm?” sualının cavabını insanların öhtəsinə buraxır.
İngiltərədə intihara qarşı mübarizə aparan “Samaritans” təşkilatı intihar etməyə meyilli biri ilə danışarkən aşağıdakılara diqqət edilməsinin vacibliyini qeyd edib:
- Danışacağınız şəxsin rahat edəcəyi səssiz bir yer seçin.
- İkinizin də danışmaq üçün lazımi qədər vaxtı olduğundan əmin olun.
- Yanlış bir şey desəniz, panikaya düşməyin, özünüzə çox yüklənməyin.
- Qarşınızdakı şəxsə fokuslanın, göz əlaqəsi qurun, telefonunuzu kənara qoyun və bütün diqqətinizi verin.
- Səbrli olun. Bir insanın öz dərdini sizə deməsi vaxt ala bilər.
- “Hə” və ya “yox” cavablarına ehtiyac duyan suallardan daha çox uzun cavab tələb edən suallar verin. Qarşı tərəfin sizi anladığını yoxlayın.
- Danışan adamın sözünü kəsməyin və ya bir çıxış yolu təklif etməyin. Digər insanın necə hiss etməsi ilə bağlı öz fikirlərinizi irəli sürməyin.
- Professional bir dəstək aldıqlarından əmin olun.
İntihar edən şəxsin “Yaşamağa dəyməz, ölmək istəyərdim” kimi sözləri onun yardım harayıdır. Bu sözləri eşitdikdə “Özünü toparla”, “Səndən pis vəziyyətdə olanlarda var”, “Fikir eləmə düzələr” kimi sözlərlə təsəlli verəndə intihara meyilli şəxs başa düşülmədiyini hiss edəcək. Bu zaman o fikirləşəcək ki, “Məni heç kim başa düşmür, ən yaxınlarımın yanında belə təkəm”. Onun bu düşüncəsi intiharı ağlına gətirəcək. Çalışmaq lazımdır ki, intihara meyilli şəxslə söhbət edərkən o, özünü tək, köməksiz hiss etməsin.
Cəmiyyətdə intihar hallarının azalması üçün əsasən maarifləndirmə işləri aparılmalıdır. Burada, müxtəlif vasitələrdən istifadə oluna bilər. İlk növbədə KİV-də intihar xəbərləri verilərkən çox diqqətli olmaq lazımdır. Bu xəbər elə verilməlidir ki, insan bu addımdan çəkinsin. Lakin bəzi hallarda bu xəbər elə təqdim edilir ki, insanda maraq oyanır, onu cəlb edir. Digər tərəfdən zorakılıq və ölüm səhnələrini əks etdirən seriallara, verlişlərə qadağa qoyulmalıdır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB