"Cərimələrin artırılmasından söhbət gedə bilməz" - AYDINLIQ GƏTİRİLDİ
"Hamı yol hərəkəti qaydalarını pozmur". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Ərşad Hüseynov deyib.

Onun sözlərinə görə, müşahidələr onu göstərir ki, cəmiyyətimizdə yol hərəkəti qaydalarına riayət edən, nizam-intizamı gözləyən, səliqəli insanlarımız da kifayət qədərdir: "Amma, təəssüf ki, yol hərəkəti qaydalarına biganə yanaşan sürücü, piyada, sərnişin, hətta velosipedçi qismində yol hərəkəti qaydalarını pozan kifayət qədər çox sayda insanlarımız da var. Bu da xaotik mənzərə yaradır. Yol nəqliyyat hadisələrinə səbəb olur və sair. Yanaşmalarımızda yanlışlar var. Buradan başlamaq lazımdır. Yanlışlıq odur ki, bəzi insanlar yol hərəkəti qaydalarının nə üçün olduğunu dərk etmirlər. Yaxud bilsələr də, əhəmiyyət vermirlər. Bilinməlidir ki, yol hərəkəti qaydaları ictimai təhlükəsizliyin çox vacib qaydalarıdır. Bu təcrübədə formalaşıb zərurətdən yaranıb gəlib.
120-130 il əvvəl yol hərəkəti qaydaları olmayıb. Yol hərəkəti qaydaları avtomobilləşmə prosesi başlayanda yaranıb. İnsanlar görüblər ki, avtomobillərin hərəkəti artıq at arabalarının hərəkəti deyil. Avtomobil öldürür, şikəst edir, dağıdır, böyük ziyanlar vurur. Ona görə də başlayıblar bu qaydaları yazmağa. Qaydaları yazanda həm avtomobili idarə edən sürücülərin, həm piyadaların nəqliyyat vasitələri dəyişdikcə sərnişinlərin davranışını tənzimləməyə başlayıblar. Hər şey qaydalara uyğun olsun, xaos yaranmasın.
Yol hərəkəti qaydaları yollarda yol hərəkəti iştirakçıları - piyada, sürücü, sərnişin, velosipedçinin konkret vəziyyətlərdə edəcəyi ən yaxşı hərəkətlərdir. Bəzi adamlar yol hərəkəti qaydalarına qadağalar kimi baxır. Elə deyil. Əslində yol hərəkəti qaydaları hərəkət iştirakçılarının konkret vəziyyətlərdə edəcəkləri ən yaxşı davranış variantlarıdır.
Bizim problemimiz təhlükəsiz davranışla bağlıdır. Təhlükəsiz davranışın çox geniş mənası var. Ancaq yolda bunun xüsusi önəmi var. Təhlükəsiz davranış qaydalar çərçivəsində davranış istəyir. Başqalarına hörmətlə yanaşmağı, başqalarının mənafeyini pozmamağı istəyir. Təhlükəsiz davranış hər kəsin o davranışın qaydalarını öyrənərək könüllü, şüurlu riayət edərək davranmasını istəyir. Bizim cəmiyyətimizdə çatışmazlıq buradadır. Təhlükəsiz davranış mədəniyyətinin, dünyagörüşünün formalaşmasında çatışmazlıqlarımız var. Ona görə problem yaranır".
"Cərimələr də qaçınılmazdır. Çünki təcrübə göstərir ki, hər hansı davranış qaydası təsbit olunsa da, əgər onun arxasında sanksiya yoxdursa, onun heç bir əhəmiyyəti olmur. Sanksiya davranış qaydalarını həyata keçirməyə məcbur edən vasitədir. Həm də öyrədən vasitədir. Bunun profilaktik əhəmiyyəti var. Məsələn, insan eşidir ki, hardasa müəyyən yerdən keçməyə görə cərimə var, şüurlu insan o qaydaları öyrənib tapacaq, bunlara riayət etməyə çalışacaq. Cərimənin məqsədi çoxlu pul toplamaq deyil. Bizim cəmiyyətimizdə həm də belə yanlışlıq var. Bu yanlışlığı bəzən bizim dövlət qurumları, məmurları formalaşdırırlar. Onların fəaliyyətində dəfələrlə cərimə tətbiq olunanda kənardan belə görünür ki, onlar cərimə yazırlar. Amma cərimə çəkindirmə vasitəsidir. Cərimə insanların davranışına nəzarət etməyə məcbur olmasının motivasiyaedici vasitədir.
Necə edə bilərik? Birinci yanaşmalarımız, dünyagörüşümüz, təfəkkürümüz dəyişməlidir. Təhlükəsiz davranış müasir insanın həyat tərzinin ayrılmaz hissəsi olmalıdır. Hər bir insan dünyaya gələndən təhlükəsiz davranış mədəniyyətinin formalaşdırılması istiqamətində işlər görməlidir. Mükəmməl sürücülük təhsili olmalıdır. Yaxşı nümunələr olmalıdır. Piyadalara xüsusi təhsil nəzərdə tutulmur. İnsan başa düşməyə başladığı andan görsə ki, valideynlər haradan olsa keçir, yaşıl, qırmızı işıq fərqi görmür, o da onlar kimi hərəkət etməyə başlayacaq. Təbliğat və təşviqat da normal istiqamətdə aparılmalıdır. Əsas hədəf dünyagörüşünün dəyişən təbliğatı olmalıdır. Eyni zamanda nəzarət də olmalıdır ki, nəzarətin içində cərimələrin tətbiqi də var. Cərimələrin artırılmasından söhbət gedə bilməz. Qanunvericilikdə mövcud olan cərimələr kifayət qədər təsiredici miqdardadır. Piyada üçün 20 manat cərimə var ki, olduqca böyük məbləğdir. Piyada bilsə ki, qaydanı pozanda ona 20 manat cərimə tətbiq olunacaq, heç vaxt qaydanı pozmaz. Yanlışlıqları aradan qaldırmaq üçün birinci növbədə şüur dəyişməlidir.
Ən yaxşı davranış qaydalar çərçivəsində davranışdır. Qaydalardan kənara çıxanda həm cərimə var, həm də arxasında risklər, maddi itkilərə məruz qalmaq var. Bunu şüurlarda formalaşdıra bilsək, vəziyyət dəyişər" - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB