2009-cu il sentyabrın 30-da Novruz bayramı YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraq Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistanda və bir çox şərq ölkələrində baharın — yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. Azərbaycanda vətəndaşlar Novruzu necə qarşılayırlar? SİA olaraq şəhər sakinlərindən "Novruz bayramını xaricdə, yoxsa Azərbaycanda keçirmək daha sərfəlidir?", - deyə sorğu keçirdik.

Şəhər sakini Şəfiqə Qurbanova: "Novruz bayramını Azərbaycanda, rayonlarda keçirmək daha yaxşıdır. Şəhərdə o dərəcədə bayram əhvalını yaşamırıq. Həyət evləri bayram adət-ənənələri üçün daha maraqlıdır. Biz Novruzu əvvəl çox gözəl keçirirdik. Çox maraqlı adət-ənənələrimiz var. Mart ayı başlayan kimi Novruz təmizliyi edirdik, anam bizə xalçalara qədər yuduzdururdu. Üç qonşu birinin evində yığışıb şəkərbura, paxlava, qoğal bişirirdik. Hər gün birimizin evində yığışıb şirniyyat bişirərdik. Hər şeyimizi, süfrəmizi paylaşardıq. Səbirsizliklə bizə kimin papaq atacağını gözləyərdik. Ən maraqlı bu idi. Dost-tanış tapşırırdı ki, mənim papağım budur, ən yaxşı şirniyyatları mənə qoy. Mən kimin papağını daha gözəl bəzəyəcəyimi bilirdim. İndi maraqsızdır. Mən bayramı işdə qarşılayacam. Əslən Qərbi Azərbaycandanam. Bizdə adət var ki, sonuncu çərşənbənin səhəri günü hamı bir-birini sulayır. Tanımadığın insanlar belə evlərə girib digərlərinin üzərinə yatdığı yerdə də olsa, vedrə ilə su boşaldır. Həmin evdə normal qarşılanır və heç kim xətrinə dəyməz. Atamın ağır xasiyyəti var idi, bununla belə bayram olduğu üçün heç kimə söz deməzdi. Niyyət tutub qapı pusmaq və digər Novruz adətləri də mənim xoşuma gəlir. Novruz adətlərini sevirəm, gərək bunları yaşadaq. Adətlər getdikcə yoxa çıxır".
Şəhər sakini Tamilla Həsənova: "Milli kitabxanada işləyirəm. Məncə, bayramı Azərbaycanda keçirmək daha gözəldir. Çünki bayram bizdə daha maraqlı keçir. Biz də qohumlarla birlikdə keçiririk, tonqallar qalanır, üstündən atlayırıq. Şəhərdə olmağımıza baxmayaraq məhəllələrimizdə hər çərşənbə tonqallar qalanır. Süfrələr açılır, Azərbaycan elə ölkədir ki, hər nemətimiz var, süfrəmiz bol olur. Həmişə də bol olsun. Allah millətimizi var eləsin, neçə belə bayramlar keçirək. Artıq Qarabağımız da azaddır. Bütün Azərbaycan xalqı gözəl əhval-ruhiyyədədir. Bu bayram da, yəqin ki, çox gözəl olacaq ".

Şəhər sakini Cuməli Hüseynəliyev: "Novruz bayramını Azərbaycanda keçirmək daha sərfəlidir. Bu bizim milli bayramımızdır deyə, ölkəmizdə keçirilməsi daha uyğundur. Qusarlıyam. Adətlərimizdə çox da fərq yoxdur, eyni adətlərdir. Təmizlik aparılması, şirniyyat bişirilməsi, papaq atmaq, qapı pusmaq maraqlı və həyata keçirdiyimiz adətlərimizdəndir".
Şəhər sakini Gülzadə Kərimova: "Xarici ölkədə olmamışam. Harada qeyd etmək daha sərfəlidir bilmirəm. Hər bayramı, istirahəti Azərbaycanda keçirirəm. Bəzən rayona da gedirəm. Masallı rayonunda dünyaya gəlmişəm. Orada adətlər necədirsə, Bakı şəhərində də eynidir. Yumurta boyayıram, plov dəmləyirəm, kabab bişirirəm. Əlimdən nə gəlirsə edirəm. Bir şeyi də qeyd edim ki, mənim 20 mart doğum günümdür və bütün Azərbaycan sanki doğum günümü birlikdə keçirir. Süfrəyə konfet qoyuram, yumurta boyayıram, indidən səməni almışam. Gəlinlərim, nəvələrim bizə gəlirlər. Yenə də bizdə qeyd edəcəyik inşallah. Papaq atmaq, qapı pusmaq bizdə də hər bayram olur. Uşaqlar papaq atanda fındıq, qoz, şirniyyatla papaqları doldururam. Eyni coşğu ilə əvvəl necə idisə, yenə də eynisini görürəm. Bayram təmizliyinə indidən başlamışam. Dünən pəncərələri sildim, pərdələri yuyacam".

Şəhər sakini Adil Abbasov: "Novruz bayramı yer üzündə bir dənə Azərbaycandadır. Ona görə də Azərbaycanda keçirilməsi daha sərfəlidir. Mən Ağstafa rayonundanam. Ağstafada keçirilən bayram, məncə, heç bir rayonda yoxdur. Bizdə hər çərşənbə keçirilir, yumurta döyüşdürülür. Uşaqlar baca-baca gəzirlər. Burada "papaq atdı" deyirlər, bizdə "baca-baca" adlanır. Qədimdə bacadan yaylıq atırdılar, o zamandan adı belə qalıb. "Dəli Kür"də, "Yeddi oğul istərəm" filmlərində də var. Novruz süfrəsində hər nemət olur, bircə səməni halvası bişirmirik. Şəkərbura, paxlava qoğal, yumurta hər bir nemət qoyuruq süfrəyə. İndi yumurtanı müxtəlif rənglərdə boyayırlar. Amma yumurta soğan qabığı ilə boyanar, qırmızı olar. Bizdə belədir".
Şəhər sakini Dinarə Kərimova: "Novruz bayramını Azərbaycanda keçirmək daha maraqlı olar. Milli adət-ənənələrimizi sərgiləyirlər ki, bu da bayramı daha gözəl edir. Novruz bayramı milli bayramımızdır. Biz evdə qarşılayırıq, şəkərbura, paxlava bişirir, evi təmizləyirik. İnsan yazın gəlişini hiss edir, çox maraqlıdır. Atam Qaxdan, anam isə Səlyandandır. Özüm Bakıda böyümüşəm, burada yaşayıram. Bizdə fərqli adətlər yoxdur, eynidir. Mən uşaq olanda Novruz daha maraqlı idi. Papaq atardıq, bir gün bizdə, bir gün də qonşuda şirniyyat bişirərdik. O zaman daha maraqlı idi. İndi münasibətlər bir az soyuyub. İndiki uşaqlar bayramı bizim kimi hiss etmirlər. Onlara Yeni il daha maraqlıdır, nəinki Novruz bayramı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB