"Dövlətə təhdid yaradan radikal qruplar İslam dini adından çıxış edirlər" - MÖVQE BİLDİRİLDİ

2015-ci ildə Daxili İşlər Nazirliyi tərəfindən keçirilən əməliyyat nəticəsində həbs edilən Taleh Bağırzadə Azadlıq qəzetinə bildirib ki, "Azərbaycanda islamofobiyanın mənbəyi hakimiyyətdə olan rejimidir".

Məsələ ilə bağlı SİA-ya açıqlamasında millət vəkili Azər Badamov bunları deyib: "Azərbaycan tolerant ölkədir, bütün dinlərin inkişafına bərabər şərait yaradılmışdır. O cümlədən dini etiqad azadlığı təmin olunmuşdur və dini münasibətlər müvafiq qanunla tənzimlənir. İslam dini etik və əxlaqi prinsipləri özündə birləşdirən hərtərəfli həyat tərzini əhatə edən, əxlaqi prinsipləri dürüstlük, ədalət, mərhəmət, tolerantlıq, alicənablıq və hörmət kimi dəyərləri özündə ehtiva edir”.

A.Badamovun sözlərinə görə, dinimiz müsəlmanları bu əxlaqi prinsiplərə əməl etməyə və cəmiyyətdə yaxşı davranmağa təşviq edir: “Amma çox təəssüf ki, xaricdən aldığı sifarişləri icra edən, cəmiyyətdə siyasi sabitliyini pozmağa və dövlətə təhdid yaradan fəaliyyətlərlə məşğul olan radikal qruplar da İslam dini adından çıxış edirlər. Həmin radikal qrupların nümayəndələri öz məqsədlərinə nail ola bilmədikdə dövləti islamofobiyada günahlandırırlar. Ümumiyyətlə hakimiyyətin adına belə bir böhtanın səsləndirilməsi cəfəngiyyatdır. Azərbaycan dövləti milli mənəvi dəyərlərin qorunmasına, inkişafına və gələcək nəsillərə ötürülməsinə bütün şərait yaratmışdır. O cümlədən dindarlar heç bir müdaxilə olmadan öz ibadətləri ilə məşğul ola bilirlər. Amma qeyd etdiyim kimi islam dini pərdəsi altında raikal fəaliyyətlə məşğul olanlara ölkəmizdə yer yoxdur. Bu baxımdan dövlətimiz radikal dini cərəyanlara qarşıdır və belə təhlükəli təhdidlərin ölkəmizdə ayaq açmasına imkan verilməməli olduğunu hesab edirəm”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə