Dilimizdə yersiz alınmalardan istifadə nədən irəli gəlir? - DİLÇİ AYDINLIQ GƏTİRDİ
"İstifadə etdiyimiz beynəlmiləl sözlər, terminlər dilimizdə qalmalıdır. Çünki bu terminlər müxtəlif xalqların nümayəndələrinin istifadə etdiyi, başa düşdüyü bir anlayışdır. Təbii ki, onların məcburi dəyişdirilməsinin tərəfdarı deyiləm.Amma "okay", "tamam", "falan", "uje" kimi alınma sözlərin dilimizdə işlənməsinin birmənalı şəkildə əleyhinəyik. İlk növbədə biz unutmamalıyıq ki, dilimizdə qarşılığı ola-ola alınma sözlərdən istifadə etməməliyik. Bunu Prezident İlham Əliyev də dəfələrlə öz çıxışlarında qeyd edib". Bu sözləri SİA-ya açıqlamasında dilçi Sevinc Əliyeva deyib.
"Düşünürəm ki, bu hal danışan şəxsin dilimizin lüğət tərkibindən xəbərsizliyindən və ya onun söz ehtiyatının az olmasından irəli gəlir. Əgər danışan, yəni məruzəçi və ya aparıcı zəngin nitq qabiliyyətinə malikdirsə, bu zaman o, həm dilimizin qrammatik qanunlarına riayət edəcək, həm də yersiz alınmalardan istifadə etməyəcək. Alınma sözlərdən istifadəni insan öz nitqini tənzimləyərək aradan qaldıra bilər. Bu, hər kəsin öz vətəndaşlıq mövqeyindən irəli gələn bir məsələdir. Məsələn, bir televiziya aparıcısı öz verlişinin məzmununa uyğun olaraq eyni sözü dəfələrlə təkrar edir və sinonim cərgələrdən, ekvivalentlərdən istifadə etmirsə, bu, onun öz peşəsinə olan laqeyd münasibətidir. Hələ dilimizə olan münasibətindən danışmıram. Hər bir peşə nümayəndəsi çalışmalıdır ki, nitqi zəngin olsun. Çünki insan öz nitqinin zənginliyi ilə həm peşəsinə olan sevgisini ortaya qoymuş olur, həm də fikirlərini daha aydın şəkildə qarşısındakı insana çatdıra bilir",- deyə o əlavə edib.
S.Əliyeva sözlərinə davam edərək bildirib ki, alınma sözlərin dilimizdə istifadəsi qətiyyətlə yolverilməz hadisədir: "Biz televiziyaların monitorinqini apararkən ən çox leksik normanın pozulmasını müşahidə edirik. Çünki yersiz alınmalar, aparıcı nitqinin qeyri-səlisliyi leksik norma pozuntusuna birbaşa zəmin yaradır.
Dilimizə zərər verən başqa bir məsələ isə üslub, yəni sintaktik konstruksiyanın pozulmasıdır. Dilimizin sabit qrammatik konstruksiyası var və buna əsasən, söz sırası pozulmamalıdır. Bu gün böyüməkdə olan nəsil birbaşa televiziya, xüsusilə də aparıcılarla öz nitqini formalaşdırır. Ona görə də dilimizi doğru şəkildə, öz gözəllikləri ilə nümayiş etdirməliyik. Hər zaman dilimizin zənginliyini qorumalıyıq".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB