“Onların kimliyini müəyyənləşdirmək əksər hallarda qeyri-mümkün olur” - ŞƏRH EDİLDİ

“İnformasiya texnologiyalarının hazırki yüksək inkişaf səviyyəsi şəraitində kiberzorakılıq sözün əsl mənasında çox ciddi şəkildə narahatlıq doğurur. Yəni, informasiya məkanında qeyri-qanuni və qeyri-etik davranışlar əksər hallarda insanın əsas hüquqlarını çox kobud, davamlı şəkildə pozur. Bu da cəmiyyət həyatında olduqca dərin, neqativ izlər buraxır. Sosial zorakılığın olduqca təhlükəli növü kimi yeni bir cinayətkarlıq insanın şərəf və ləyaqətinə, onun nüfuzuna internet məkanında, xüsusilə sosial şəbəkələr üzərindən çox ciddi zərər vurur. Təbii ki, bu da sosial zorakılığın olduqca təhlükəli forması kimi cəmiyyətdə münasibətlər sistemini ciddi formada zədələyir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib.

Deputat bildirib ki, mədəni dəyərləri məhv edən, sosial münasibətlər sisteminə ciddi zərbə vuran kiberzorakılığa qarşı mütləq şəkildə mübarizə aparmaq lazımdır: “Maarifləndirmə bu istiqamətdə mübarizənin əsas və əlçatan forması kimi nəzərdən keçirilə bilər. Amma etiraf etmək lazımdır ki, artıq maarifləndirmənin də təsiri yoxdur və kiberzorakılığı təhlükəli edən əsas məqamlardan biri də zorakılığı törədənlər əsasən hər zaman saxta adlar, profillər üzərindən fəaliyyət göstərirlər. Onların kimliyini müəyyənləşdirmək isə əksər hallarda qeyri-mümkün olur.

Digər tərəfdən kiberzorakılıqla mübarizədə oturuşmuş mexanizmlər də yoxdur. Düşünürəm ki, bunu qanunvericilik səviyyəsində təşkil etmək lazımdır. Cinayət Məcəlləsində müvafiq maddələrin yer alması və mövcud qanunvericiliyin daha da sərtləşdirilməsi atılan ilkin addımlardan biri kimi nəzərdən keçirilə bilər. Amma ilk növbədə kiberzorakılığın qurbanları bəlli olduğu halda, bu zorakılığın subyektləri çətin müəyyənləşdirilir. Buna görə də kiberzorakılığı törədənlərin tapılması mexanizmlərini təkmilləşdirmək lazımdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə