"Falçıları fırıldaq zümrə kimi qəbul etməliyik" - EKSPERT RƏYLƏRİ

"Falçıları fırıldaq zümrə kimi qəbul etməliyik" - EKSPERT RƏYLƏRİ

“Fala inanma, faldan da qalma”, deyirlər. Elə bu deyim də insanları kiçik bir problemlə üzləşdikləri zaman falçıların qapısına yönəldir. İnsanların çarəsizcə ümid bağladığı bu "peşə sahibləri" əvvəllər sadəcə evlərdə xidmət göstərirdilər. İndi isə sosial şəbəkələrdə onlayn falçılıq xidmətləri geniş şəkildə yayılmağa başlayıb. Qəribə tərəfi isə budur ki, onlara inananların sayı azalmaq yerinə daha da artır. İnananların sayı artdıqca fırıldaqçılar da çoxalır. İnsanlar niyə falçılara üz tutur, onlara ümid bağlayırlar? SİA olaraq bu mövzu ilə bağlı din xadimi və sosioloqun fikirlərini öyrəndik.

Təzə Pir məscidinin axundu Mircəfər Əyyubov: "Falçılıq dedikdə sehr, cadu və sair metafiziki elmlər nəzərdə tutulursa, bunlar Qurani-Kərimdə və hədislərdə həqiqi bir bacarıq kimi qəbul olunur. Lakin mənfi bir hal olaraq dəyərləndirilir və yenə də Quran və hədislərdə həm bu işlə məşğul olanlar, həm də onlara müraciət edənlər haram etmiş sayılırlar. İndiki dövrdə və ölkəmiz kimi fırıldaqçılıq üçün açıq meydan olan yerlərdə isə əsasən yalançı ünsürlər at oynadırlar. İnsanların bu sinfə müraciət etməsinə səbəb, məncə, odur ki, onlara elə gəlir ki, həyatda əslində hamı eyni şəkildə yaşamalıdır. Hamı ən ideal rolu almaq istəyir. Halbuki həyat sınaqdır. Bu sınaq teatrında kimisi zəngin, kimisi də yoxsul rolunu oynayır. Əsas olan rolu yaxşı oynamaqdır. Allah-Təala Mulk surəsində buyurur: "Allah ölüm və həyatı yaratdı ki, hansınızın daha yaxşı əməllər edəcəyini sınasın". Biz isə həyatımızı sınaq hesab etmədiyimiz üçün azacıq problem görən kimi bunu dərhal cinlər və sair qeyri-adi səbəblər ilə əlaqədar bilib falçıya qaçırıq. Halbuki burada öz günahlarımız da problem yarada bilər. Keçmiş günahlar yaşayışımıza təsir qoyur. Taha surəsində deyilir ki, kim Allah ilə ünsiyyətdən imtina etsə, onun həyatında sıxıntılar yaradarıq. Demək, bunlar da rol oynayır. Bir də ki, hər şeydə cinlərdən şübhələnən insanlara demək lazımdır ki, siz haqlısınız. Sizin ruhunuza həqiqətən cin girib və bu cini çox yaxşı tanıyırsınız. Bu cinin adı İblisdir. Bəli, bizim hamımızın ruhunda İblis adlı şeytan hökmranlıq edir. Lakin biz şeytanın bu hakimiyyətinə toz qondurmamaq üçün başqa cin axtarırıq. Əlbəttə, bunu da demək lazımdır ki, Quran və hədislərdə gələn səhih dualardan faydalanmaq həmişə faydalıdır. Bəziləri bunları da falçılıq hesab edir və bu çox yalnışdır".

Azərbaycan filosofu, pedaqoq, fəlsəfə üzrə fəlsəfə doktoru, sosioloq Mail Yaqub: "Falçılıq, təəssüf ki, müasir dünya insanının da diqqətini çəkir. Yəni insan nə qədər müasirləşsə də, falçılara maraq göstərir. Bu çox maraqlı faktdır. İnsanlar nə üçün falçılara maraq göstərirlər? Çünki bütün insanlarda güclü maraq var. Onlar həyatlarının gələcəyi barədə bilmək istəyirlər. Görəsən, gələcəkdə məni nə gözləyir, hansısa layihəm uğurlu olacaq, yoxsa yox? Falçılar da bu marağı görürlər və insanları manipulyasiya edib aldadırlar.

Təbii ki, falçılara getmək olmaz. Falçı heç vaxt mənim həyatımın gələcəyi barədə dəqiq nəsə deyə bilməz. Falçıları fırıldaq zümrə kimi qəbul etməliyik. Falçılıq hüquqda da qadağan olunmalıdır. Sadəcə olaraq hüququn buna təklikdə gücü çatmır, çünki insanlar bütün hallarda yenə də gizli şəkildə yol tapıb falçılara müraciət edirlər. İnsanlar özləri qərar verməli, bilməlidirlər ki, bu məntiqsizdir, ağla sığmır. Adi bir insan gələcəyim barədə məlumat verə bilməz".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə