"Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Orucluq vaxtı Quranın qoyduğu qaydalara əməl etmək lazımdır". Bu sözləri SİA-ya açıqlamasında din xadimi Vüqar Abbasov deyib.

O bildirib ki, bu qaydalara əməl olunması Allah tərəfindən tövsiyə olunur: "Quranda orucluqla bağlı qeyd olunanlar bunlardır: 2:183
Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz.
2:184

Müəyyən sayda olan günləri (oruc tutmalısınız.) Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda (oruc tutmalıdırlar). Buna taqəti olmayanlar isə (buraxdığı hər gününün əvəzinə) bir kasıbı yedirtməklə fidyə verməlidirlər. Kim könüllü olaraq yaxşılıq etsə, bu onun üçün daha xeyirli olar. Biləsiniz ki, sizə oruc tutmaq daha xeyirlidir.
2:185
İnsanlara doğru yolu göstərən, bu yolun və (haqqı batildən) ayırd edənin açıq-aydın dəlilləri olan Quran Ramazan ayında nazil edilmişdir. Sizlərdən bu aya çatan şəxslər (həmin ayı) oruc tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda (oruc tutmalıdır). Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. O, (istəyir ki,) siz müddəti (buraxdığınız günlərin orucunu) tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız. Bəlkə şükür edəsiniz.
2:187
Orucluq gecəsi zövcələrinizlə yaxınlıq etmək sizə halal edildi. Onlar sizin üçün bir libas, siz də onlar üçün bir libassınız. Allah bilir ki, siz öz nəfsinizin tələbinə dözə bilmirsiniz (orucluq gecələrində zövcələrinizlə yaxınlıq edirsiniz). Elə buna görə də O, tövbənizi qəbul edib sizi bağışladı. Artıq (bu gündən) onlara yaxınlaşın və Allahın sizin üçün bəyəndiyinə nail olmağa çalışın. Dan yeri söküləndə ağ sap (şəfəq) qara sapdan (gecənin qaranlığından) seçilənə qədər yeyin-için. Sonra gecəyədək orucunuzu tamamlayın. Məscidlərdə etikafda olduğunuz zaman onlarla yaxınlıq etməyin. Bunlar Allahın sərhədləridir, onlara yaxınlaşmayın! Allah Öz ayələrini insanlara belə bəyan edir ki, bəlkə (Ondan) qorxalar.
11:1

Əlif. Ləm. Ra. (Bu,) Müdrik, (hər şeydən) Xəbərdar (olan Allah) tərəfindən, ayələri mükəmməlləşdirilmiş, sonra da ətraflı izah edilmiş bir Kitabdır".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə