Od çərşənbəsi haqqında nələr bilirik? - SORĞU

Sabah Azərbaycanda Novruz çərşənbələrindən ikincisi - Od çərşənbəsi qeyd olunur. Ona xalq arasında “üskü çərşənbə”, “üskü gecəsi”, “ikinci çərşənbə” və yaxud “addı çərşənbə” də deyilir. Bəs, Od çərşənbəsi bölgələrdə necə qeyd olunur? Bu çərşənbədə nələr edilməlidir? SİA mövzu ilə bağlı filoloqların fikirlərini öyrənib.


AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Şakir Albalıyev: “Çərşənbələrin ikincisini od ünsürü ilə əlaqələndirən mərhum professor Azad Nəbiyev yazırdı: “Türkdilli xalqlarda Ülgen tanrısının yaranması da təsadüfi deyil ki, Günəş–Od–Atəş anlamı ilə bağlıdır. Nisbətən sonralar zərdüştilik də Odun və Günəşin bu müqəddəsliyini saxlamış, oda sitayiş anlam və etiqadı yarandıqdan sonra Günəş – Od – Atəş istisinin beş növü ilə əlaqədar şənliklər keçirilmişdir... Od çərşənbəsində Günəş–Od–Atəş anlamı çox geniş ölçülərdə qəbul və dərk olunar, təbiətin dörd ünsüründən biri olan Oda erkən inam və etiqadlar silsiləsini yaradardı. Bu inanc dünyası isə Odun əbədiliyi, müqəddəsliyi tapınmasını doğurmuşdur. Od çərşənbəsi – Günəş– Od–Atəş inamı ilə bağlı yaddaşlarda qalan bir çox nəğmə, etiqad, mərasim, mif və rəvayətlər bu günümüzə qədər gəlib çatmışdır”.

Göründüyü kimi, Od çərşənbəsi günəşin bəlgəsi olaraq, atəşpərəstlikdə oda, atəşə inamın təzahürü olaraq səciyyələndirilir. Həm də od dörd yaradılış ünsüründən biridir. Yeni həyatın doğuluşu rəmzi olan Novruz bayramı qabağı keçirilən Od çərşənbəsinin mühüm missiyası isə odun yaradıcı stixiyası ilə əlaqədardır. Bu münasibətlə təbii ki, müxtəlif cür ayin və rituallar, həmçinin nəğmələr var. Qodu xanla bağlı mərasim və oxunan nəğmədə də bunun arxaik izləri seçilir. Qodu günəşin rəmzidir. Günəşin rənginə uyğun şəkildə qırmızı parçadan düzəldilən gəlincik kukla “Qodu” adlanır. Onu da deyim ki, Qodunu bütpərəstliklə əlaqələndirib kuklanı isə Allahın bütü kimi də hesab edirlər. Ancaq bizə məlum mərasim və nəğmələrdə onun atəşpərəstliklə bağlı cizgiləri aydın görünür:

Qodu xan, Qodu xan,
Söndürmə odu, xan.
At üstə ad gətir,
Ulusa od gətir...
Qodu xan daldadır,
Al atı yaldadır...
Qoduya at apar,
Dalınca çat apar.
Yalında yat apar,
Qan-tərə bat apar...

Qodu xan yoldadır,
Əlləri baldadır.
Büsatı daldadır.
Sözü bal Qodu xan,
Özü al Qodu xan.

Qodu xan Göy xandır,
Qodu xan Dağ xandır.
Qodu xan Ağ xandır.
Sözü bal Qodu xan,
Özü al Qodu xan.

Nəğmənin nəqərat hissəsində təkrarlanan “Özü al Qodu xan” ifadəsi od rəngində al (qırmızı) Qodu xana işarə edir. Yaxud əvvəlinci misralarda Qoduya müraciətlə söylənən “Söndürmə odu, xan”, “Ulusa od gətir” kimi ifadələr də Qodunun odla-günəşlə bağlılığına açıq işarə edir. “Qoduya at apar” misrası isə öz yorumunu başqa bir folklor mətnində – “Günəşə qurban kəsmək mərasimi”ndə açıq-aşkar tapır: Günəş istisini arzulayan ulu babalarımız odlu çərşənbədə sübh tezdən günəşə qurban aparardılar. Daha erkən çağlarda aparılan belə qurban, adətən, kəhər at olardı. Bir nəfər yedəyindəki atı uca bir təpənin üstünə qaldırardı. Əlində balta olan başqa bir nəfər isə arxadan onları müşahidə edərdi. Gün doğanda at təpənin üstündə olar, günəşin doğması şərəfinə onu qurban kəsərdilər. Xalqda belə inam olardı ki, qırmızı kəhərin günəşə qurban kəsilməsi adamlara xoşbəxtlik və səadət gətirir.

Deməli, Qodu Günəşin bəlgəsi, Qoduya aparılan at isə günəşin doğmasının şərəfinə kəsilən atı işarələyir. Bəs nəyə görə Od çərşənbəsində, həmçinin bununla bağlı nümunə verdiyimiz mərasim və nəğmə mətnlərində oda bu qədər önəm verilir? Məlumdur ki, qış fəsli təbiətdə gecənin – qaranlığın uzunluğu, çox olması ilə xarakterikdir. Deməli, qaranlığın işığı üstələdiyi soyuq-ölgün qışdan yaz fəslinə – ictimai səviyyədə Novruz bayramına qovuşmağın bir yolu da işıqdan-oddan keçir. İşığın mənbəyi, odun təbii batareyası isə günəşdir. Yazın gəlişi həm də gecə-gündüz bərabərliyi və ondan sonra isə gündüz saatlarının uzanması ilə xarakterikdir. Deməli, Novruz öncəsi keçirilən Od çərşənbəsi mahiyyətcə magik – təqlidi xarakterli günəşi arzulama – istiliyi, odu öymə və qarşılama mərasimidir. Qışın donuq – ölgün suyunu (buzu və qarı) əritmək üçün mütləq od, günəş (istilik) lazımdır. İnsanların od çərşənbəsi adı altında keçirdikləri mərasimin əsasında – fəlsəfi qatında təbiəti və cəmiyyəti qışın şaxtasından xilas edə biləcək odun, atəşin, günəşli günlərin gəlməsi arzusu, ideyası ifadə olunub. Torpağın, suyun, ümumiyyətlə, təbiətin canına istilik gəlməlidir ki, oyanma, yeni həyat başlasın. Od, istilik bu cəhətdən ən vacib amil olduğuna görə bütün çərşənbələrdə (hətta yalançı çərşənbələrdə belə) və Novruz bayramının özündə tonqallar çatılır. Yandırılan ocaqlar, qalanan tonqallar günəşin, odun, işığın – başqa sözlə, həyatverici hərarətin bəlgəsi olmaqla odun yaradıcı gücünü təcəssüm etdirir.

Onu da qeyd edim ki, od həm də fəsil kimi yay fəslini özlüyündə simvollaşdırır. Fəsillər içərisində qızmar olması, yandırıcı günəş şüaları ilə fərqlənməsi məhz yay fəslinə xasdır. Bolluğun, bərəkətin, artımın himayəsi olan Günəşin yaradıcı gücünün stixial missiyası od çərşənbəsinin üzərinə düşən müqəddəs yükdür”.

AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Atəş Əhmədli: “Çərşənbələrin sıralanmasında bir az sərbəstlik var. Yəni, bu, bölgələrə görə dəyişə bilir. Məsələn, Naxçıvanda Od axrıncı çərşənbə kimi qeyd olunur. Burada sıralanma Su, Torpaq, Yel və Od şəklindədir. Bunun başqa astronomik izahı da var.

Məsələn, əlimizdə 1928-ci ilə “Azərbaycanı öyrənmək olur” jurnalı var. Bu jurnalın ikinci sayında Əhməd Paşabəyli adlı müəllifin Şirvan bölgəsində keçirilən çərşənbələrin sırasında heç od yoxdur. Burada Su, Torpaq, Yel və Ağac çərşənbəsi var. Ağac da müqəddəs sayılan bir varlıqdır. Ağac yazın gəlməsi, həyatın yenilənməsi, bolluq, məhsuldarlıq rəmzidir. Amma hər çərşənbədə od yandırırdılar. Od yandırılanda insanlar tonqaldan hoppanıb bayramı qeyd edərdilər. Yəni, od çərşənbədə iştirak etsə də ,ayrıca olaraq bu adda çərşənbə yox idi.

Eynilə həmin sıralama bu gün Türkiyənin Qars vilayətindədir. Ora Türkiyə ərazisi olsa da, vaxtilə köçüb getmiş azərbaycanlılar çoxdur. Onlarda “cəmrə” günəşdir. Bunlar hamısı fərqlidir, empirik təcrübədir.

Bayramın əsas atributlarından biri günəşdir. Günəş cənub yarımkürəsindən şimal yarımkürəsinə keçir. Bu bu il baş verir. Şamaxı rəsədxanası açıqlama verib ki, mart ayının 20-də səhər saatlarında 07:06 da, hətta 21- ci saniyədə günəş ekvator xəttini keçib şimal yarımkürəsinə keçdiyi anda yaz bərabərliyi nöqtəsində şimal yarımkürəsində yaşayan xalqların həyatında yaz fəsli başlayır. Hətta xristian xalqlarında da müsəlmanlar kimi yaz bayramının əlamətləri var. Bunu təkcə biz keçirmirik. düzdür, biz yalnız Novruz kimi qeyd edirik.

Məsələn, fransızlar yazın gəlişini kilsənin ilk günü kimi qeyd edirlər. İspanlar əkin sahələrinin kənarına gedib orada tonqal yandırırlar. Hətta tonqalda gəlincik düzəldib köhnə evin pislikləri kimi yandırırlar. Yəni, oda münasibət müxtəlif xalqlarda və müxtəlif şəkillərdə özünü göstərir.

Məsələn, yapon sahillərinə getsək, burada xalqların həyatında yaz fəslinin qeyd olunmasını müşahidə edəcəyik. Yaponların bayraqlarında da günəşin əksi var. Onlar yazın gəlişini may ayında keçirir. Çünki şimalda soyuma çox olur.

Bir sözlə, Azərbaycanda əhalinin yaşadığı coğrafi ərazilərdə insanların gördüyü təcrübələr, etdiyi müşahidələr çərşənbələrin sıralanmasında müəyyən qədər fərqlilik əmələ gətirir.

Əsas atribut günəşdir. Yerdə yandırılan od günəşi simvolizə edir. Ona görə hər həftə tonqal yandırırıq. Yəni, günəşin gəlişini qeyd edirik. Günəş şimal yarımkürəsinə yaxınlaşır. Həftə dəyişdikcə günəşin istiliyi artır, təbiət oyanır, əkin yaxşılaşır. Novruz həm də əkinçi xalqın bayramıdır.

Bölgələrdə Od çərşənbəsi ilə bağlı ən mühüm adət yandırılan tonqaldır. Tonqal ümumbəşəridir. Bir çox dünya xalqları bayramlarında od yandırır. İnsanlar tonqal ətrafında birləşir, bütünləşir. Tonqal insanlar arasında birliyə-bərabərliyə səbəb olub. Çünki odun tapılması insan həyatında yenilik, sıçrayış və inkişafdır.

Şirvan bölgəsində, məsələn Göyçayda şamal deyilən bir şey var. Bu Qərbi Azərbaycanda lopa adlanır. Bu neftə bulaşmış əsgi parçalarıdır və məftillə möhkəm bağlanır. O ən azı bir həftə neftdə saxlanılır, bayram vaxtı da yandırılır və sönmür. Əsginin canına o qədər neft hopur ki, qətiyyən sönmür. Biz onu yandırıb yuxarı atardıq. Bu da günəşə, təbiətə işarə idi. Ona görə də səmaya atardıq.

Lənkəranda İlaxır çərşənbədə 7 tonqal yandırılır. 7 sayı zərdüştlük dövründən müqəddəs rəqəm kimi Novruz ənənəsinə daxil olur. Bu bayramda müxtəlif mədəniyyətlərin izi var.

Çərşənbələrdə şam da yandırılır. Bu da günəşin bir atributudur.

Çərşənbələrdə bişirilən yeməklərlə bağlı danışsaq, yazın gəlişi mərhələrlə baş verir hələ ki havalar o qədər isti deyil, təbiət tam oyanmayıb, göy-göyərti hələ yoxdur. Ona görə də bu dövrdə xəmir xörəklərinə üstünlük verilir. O dövrdə bu yeməklər ətsiz olardı. Çünki qışda heyvanlar çox arıq idi və onun kəsilməsi məsləhət deyildi. Onlar yaz dövrü kökəlirdi”.

Filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova: “Novruzqabağı dörd çərşənbələrin ikincisi Od çərşənbəsidir. Qədim insanlar bayramqabağı çərşənbələri adlandırdıqda həm də bunu təbiət hadisələri ilə əlaqələndiriblər. Artıq təbiət isinməyə başlayıb, bu isə o deməkdir ki, təbiətə, torpağa can gəlib. Torpaq oyanır.

Qədim Türk inanclarında od kultu müqəddəs sayılıb, insanlar oda inanıb, odla bağlı ümidləri çox olub. Odun-ocağın istilik rəmzi həm də günəşin istiliyi ilə əlaqələndirilib. Od çərşənbəsində insanlar qədimdən günümüzü qədər həyət bacada od qalayar, bu da evə daxil olan mənfi ruhların qabağını alardı. İnanca görə hər evdə qalanan tonqallar daha uca olmalıdır ki, dünyasını dəyişən doğmaların ruhu evə gəldikdə o evin işığının gur yandığını görübsevinsinlər. Od qalamaq həm də günəşin qaranlıq üzərində, xeyirin şər üzərində qələbəsi deməkdir. İnsanlar qalanan odun üzərindən keçərək ağırlıqlarını, azar-bezarlarını odda yandırırlar. Oda inam onlarda olduqca yüksək olduğu üçün odu ayaqlamaz, oda tüpürməz, oda su atmazlar. Qədim türklər odun külünü getdikləri yerə aparardılar ki, odu ocağı orda da qalasınlar. İnsanlar od çərşənbəsində od qalamaqla yanaşı qazan asarlar ki, odun üztü boş qalmasın. Odun külünü sabahısı gün bar verən ağacın dibinə tökərlər. İnsanlar od çərşənbəsində niyyət edər, çərşənbənin sabahısı gün süb çağı od yandırdıqları yerə gedər səssis dayanarlar. İlk eşitdikləri səsi yozarlar.

Bölgələrimizdə od qalamaqla yanaşı, həm də lopalar düzəldirlər. Lopanın düzəldilməsi prosesi çərşənbədən bir gün öncə olur. İşlənməyən, köhnə parçanı çomağa bənzər ağaca dolayıb, məftillə möhkəm bağlayar və neftdə isladıb yandırarlar. Hər evdə qalanan tonqallar uşaqların adına düzəldilirdi. Lopalar gecə şər qarışanda göyə atılar. Yerdən göyə istilik, müsbət ruhların göndərilməsi, xeyirin şər üzərində qələbəsi və gecənin aydınlandırılmasıdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə