"Hər işi uşağın yerinə etmək səhvdir" - AYDINLIQ GƏTİRİLDİ

"Hiper - "böyütmə", "çoxaltma" deməkdir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Psixoloq bildirib ki, ona görə də hiper azadlıq və hiper qayğı dedikdə biz lazım olandan artıq olan sevgi, diqqət və rahatlıq nəzərdə tuturuq: "Bu, bir növ liberal ailələrə məxsus olan tərzdir. Ümumiyyətlə, ailələr 3 cür olur; demokratik, avtoritar və liberal ailələr. Daha çox liberal ailələr uşaqlara hiper azadlıq verirlər. Amma burada hiper diqqət verilir deyə bilmirik. Çünki onlar hiper diqqət, sevgi, qayğı vermirlər, əksinə öz işləri ilə daha çox məşğul olurlar. Uşaq özbaşına böyüyür.

Əlbəttə ki, uşağın çox nəzarətdə olması, hər işi uşağın yerinə etmək də səhvdir. Amma uşağın müəyyən yaş dövrləri var ki, bu dövrdə biz onunla bərabər addımlamalıyıq. Bu proses 18 yaşa qədər gedən prosesdir. 18 yaşdan sonra uşaq öz məsuliyyətini üzərinə almalıdır. Amma bu keçid də birdən-birə olmamalıdır. Uşaq 18 yaşına qədər yeniyetməlik dönəmindən başlayaraq artıq sərbəstliyin bir hissəsini dadmalı və özü də onun çətinliklərini anlamalıdır. Hər çətinlikdə də yanına qaçmaq, onun işini həll etməklə istədiyimiz nəticəni, gələcəkdə azad şəxsiyyəti yarada bilməyəcəyik. Bizim niyyətimiz uşağı azad ruhda, amma yeri gələndə qaydalara tabe olaraq, hörmət edərək böyütməyi bacarmağımızdır.

Hiper sevgi, diqqət narahat valideynlərin övladlarında olur. Çox narahat, həssas, emosionaldırlar, onlar daima uşağa nəsə olacaq qorxusu ilə yaşayırlar. Ona görə də hiper sevgi, diqqət göstərirlər. Bu da uşaq üçün bir müddət xoş ola bilər, amma sonradan narahatlıq yaradır. Çünki o, asılı tipə çevrilir, öz qərarlarını özü verə bilmir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə