Müdrikliyin zirvəsinə xoş gəldin - FOTOLAR

Hər yaşın öz özəlliyi, öz gözəlliyi var insan üçün. Arif müəllimin 70-ci baharına qədəm qoyduğu ömür yolu isə çoxlarına örnəkdir.

Vətənə sevgisi, sədaqəti olan, Sumqayıtda əksər insanın tanıdığı bu ağsaqqalın fəaliyyətinə nəzər salmaq istəyəndə, öncə, onun ən vacib xüsusiyyətləri - əməksevərliyi, tələbkarlığı, qayğıkeşliyi, vicdanlı, xeyirxah və xoşrəftar olması diqqəti cəlb edir.
Ömür payından şükürlü olan Arif Zəbi oğlu Qafarov 1954-cü ildə Dəvəçidə, hazırkı Şabran şəhərində anadan olub. Əsgəri xidmətini Baltik hərbi dəniz donanmasında uğurla başa vurub. Gənc yaşlarından idmanın güləş növü ilə məşğul olub. İdman ustalığına namizəd adını alıb. 1982-ci ildə Rostov Dəmir Yolları Mühəndisləri İnstitutunu biitirib, mühəndis-elektrik ixtisasını alıb. Vətənimizə dönərək Dəvəçi rabitə və işarəvermə distansiyasında rəis müavini işləyib. 1983-cü ildən həyat və əmək fəaliyyətini Sumqayıta bağlayıb. Şəhərimizin ictimai-siyasi həyatında silinməz izlər qoyan Arif müəllim mənalı həyat yolu keçib. Bakı Ali Partiya Məktəbində siyasi təhsil alıb. Çalışdığı kollektivlərdə ictimai işlərdə fəallığı və idarəetmə bacarığı ilə seçilib. Dəmir yolu idarəsində, Superfosfat zavodunda partiya işlərinə irəli çəkilib. Təşkilatçılıq bacarığını və siyasi savadını nəzərə alaraq şəhər icra hakimiyyətinə dəvət edilib. Bir müddət təsərrüfat şöbəsinin böyük referenti olub. Arif müəllim sonrakı əmək fəaliyyətini Barmek elektrik şəbəkəsi və Azərbaycan Dəmir Yolları İdarəsinin tikinti sahəsi ilə bağlayıb.

Hacı Zeynalabdin qəsəbə sakinləri Arif müəllimə daha böyük etimad göstərərək onu bələdiyyə sədri seçiblər. O, fəaliyyəti dövründə qəsəbənin sosial, təsərrüfat sahələrinin dirçəlməsi üçün əlindən gələni əsirgəməyib, mədəni-kütləvi tədbirlərin, milli bayramların, əlamətdar günlərin keçirilməsinə səy göstərib. Gözəl ailə başçısıdır, üç oğlu, yeddi nəvəsi var.

Arif Qafarov bu gün də qurub-yaratmaq həvəsi ilə çalışır. Təqaüdə çıxsa da, yaşadığı qəsəbənin və şəhərimizin ictimai həyatında yaxından iştirak edir. Neçə ildir ki, Hacı Zeynalabdin qəsəbə Ağsaqqallar Şurasının sədridir. Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə böyük önəm verir, məktəblərdə şəhid ailələri, qazilərlə, müharibə və əmək veteranları ilə görüşlər təşkil edir. Şəhər rəhbərliyinin, Ağsaqqallar Şurasının tövsiyələrini, tapşırıqlarını layiqincə yerinə yetirməyə çalışır. İşlədiyi dövrdə bir çox təltifləri olub. 2019-cu ildə şəhərimizin ictimai-siyasi və iqtisadi həyatında səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalına layiq görülüb. Bu günlərdə isə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov onu 70 illik yubileyi ilə əlaqədar fəxri fərmanla təltif edib.

Hacı Zeynalabdin qəsəbəsində keçirilən tədbirdə qəsəbə icra nüməyəndəsi Lalə Hacıyeva, şəhər Ağsaqqallar Şurasının sədri Təbrik Quliyev və başqaları yubilyar haqqında xoş sözlər demiş, ona gələcək fəaliyyətində uğurlar arzulamışlar.
Arif müəllimlə görüşümüzdə Sumqayıtda görülmüş saysız-hesabsız layihələrdən ürəkdolusu danışdı, qurub-yaradanlara dərin təşəkkürünü ifadə etdi. Arzu etdiyini bildirdi ki, dünyamızda hər zaman əmin-amanlıq olsun, respublikamız daha da inkişaf etsin.

Bəli, yüzlərlə ağsaqqalla həmsöhbət olmuşam. Hər söhbətdə düşüncələrimə neçə-neçə kəlamın işığı düşüb. Arif Qafarov söylədi ki, zəhmətimin mükafatını vicdanımdan alıram. İnsanın öz vicdanından aldığı mükafatı, heç kəs verə bilməz. Danışdıqlarına qulaq kəsildiyim bu ağsaqqal dumduru ömür yaşayır. Bu dəyərli ömür həm də böyük azərbaycançılıq işığından bəhrələnməklə yaşanılıb, yaşanılır...

Yubileyiniz mübarək, Arif müəllim!

İlhamə Məhəmmədqızı

Bütün xəbərlər Facebook səhifəmizdə